close

“Muğan Bank”da qalmış əmanətlərin gələn aydan ödəniləcəyi gözlənilir

Foto: arxiv

İqtisadçının qənaətinə görə, təxminən 106 milyon manatlıq vəsaitin taleyi sual altındadır

Oktyabrın 19-da lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilən “Muğan Bank”da əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklərmi?

Hər bağlanan bankdan sonra burada əmanəti olanların, plastik kartlardakı vəsaitlərin taleyi ilə bağlı suallar yaranır. Müflis olan bankın kartındakı vəsaitləri kim kompensasiya etməlidir?

Qaydalar necədir?

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, “Muğan Bank”ın plastik kartlarındakı vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir. Qanunvericiliyə əsasən, həmin kartlarda olan pulları vətəndaşlara dövlət ödəməlidir:

“Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir”.

Vüqar Bayramov
Foto: Meydan TV

İqtisadçı əlavə edir ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi onlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir:

“Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir”.

Mərkəzi Bank “Muğan Bank”ın lisenziyasının ləğv edilməsi ilə bağlı qərarında bildirib ki, bankın ləğvi sektorun maliyyə dayanıqlılığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır:

““Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir”, – AMB bildirib.

İqtisadçı Samir Əliyev deyir ki, oktyabrın 1-i tarixinə “Muğanbank” ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub. Mərkəzi Bank açıqlamasında bildirib ki, bu müddətə Bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir.

Samir Əliyevin qənaətinə görə, təxminən 106 milyon manatlıq vəsaitin taleyi sual altındadır.

Samir Əliyev
Mənbə: Meydan TV

“Muğan Bank”-dan Mərkəzi Bankın qərarı ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
“Muğan Bank” bu il lisenziyası ləğv edilən ikinci bankdır.

Mayın 17-də AMB-nin qərarı ilə “Günay Bank” ASC-nin də lisenziyası ləğv edilib. Bankın bağlanması məcmu kapitalının tələb olunan minimum miqdardan az olması ilə əsaslandırılıb.

Mərkəzi Bankın “Maliyyə dayanıqlılığı” hesabatından aydın olur ki, Azərbaycanda ən böyük üç bankın aktivlər üzrə bazar payı 65 faizə çatıb.

Həmin üç bankın biri dövlətə (Beynəlxalq Bank), ikisi prezidentin ailə üzvlərinə (“Paşa Bank” və “Kapital Bank”) məxsusdur. Bu bankların depozit portfelindəki bazar payı 70 faiz, kreditlər üzrə isə 48 faizdir.

Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır.
Daha öncə, 2022-ci ilin oktyabrında Pakistan Milli Bankının Bakı filialının lisenziyası ləğv edilmişdi.

2020-ci il aprelin 26-da isə Mərkəzi Bank “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də isə “Atabank” və “AmrahBank”ın lisenziyası ləğv edilmişdi.

Daha sonra, mayın 12-də də “AGbank” və “NBCBank”ın lisenziyaları da ləğv olundu.

AMB lisenziyaların ləğvini bankların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah etmişdi, lakin həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Yenə də səbəb kimi onların öhdəliklərini yerinə yetirə bilməmələri göstərilmişdi.

Hazırda ölkədə 23 bank fəaliyyət göstərir.

Ana səhifəİqtisadiyyat“Muğan Bank”da qalmış əmanətlərin gələn aydan ödəniləcəyi gözlənilir