close

Müsavat və REAL üzv siyahılarını yenidən reyestrə təqdim ediblər

Müsavat və REAL partiyaları. Foto: Meydan TV

Partiya sədrləri sosial şəbəkədə məlumat yayıblar

Müsavat və REAL partiyaları yenilənmiş reyestr siyahılarını Ədliyyə Nazirliyinə təqdim ediblər.

Bu barədə avqustun 17-də hər iki partiyanın sədri “Facebok” səhifələrində məlumat yayıblar.

Müsavat Partiyasının başqanı Arif Hacılı “Facebook” səhifəsində yazıb ki, onlar üzvlərinin bir qisminin siyahılarını nazirliyin yazılı və şifahi qeydlərini nəzərə alaraq hazırlayıblar:

Bu dəfə hər ehtimala qarşı daha minə qədər üzvümüzün adları siyahıya əlavə olundu”.

REAL sədri İlqar Məmmədov 5401 nəfər üzvünün yenilənmiş reyestr siyahısını Ədliyyə Nazirliyinə təqdim etdiyini bildirib.

Partiya sədrinin sözlərinə görə, nazirliyin geri qaytardığı siyahıya düzəlişlər edilib.

Siyahıya  yeni qeydiyyatdan keçmiş üzvlər də əlavə olundu. 30 gün ərzində müsbət cavab alsaq, ondan sonrakı 90 gün ərzində yeni qanunda nəzərdə tutulduğu üçün qurultay keçirməliyik. Yox, cavab mənfi olsa, hökumət Respublikaçı Alternativ Partiyasını rəsmən qapatmağa çalışacaq”, – deyə Məmmədov əlavə edib.

Ədliyyə Nazirliyi iyulun 17-də REAL Partiyasının üzvlərinin reyestrə daxil edilməsi ilə bağlı müraciətinə mənfi cavab vermişdi.

Nazirliyin cavabında partiyanın 463 nəfərinin keçərli olduğu bildirilmişdi.

Nazirlik 2 gün sonra Müsavat Partiyasına eyni cavabı vermişdi.

Partiyanın başqanı Arif Hacılı yazmışdı ki, onlara göndərilən məktubda təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilməyib:

250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb”.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Qanunun qəbulundan sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu sədrlərindən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

Ana səhifəSiyasətMüsavat və REAL üzv siyahılarını yenidən reyestrə təqdim ediblər