close

Paşinyan BMT Təhlükəsizlik Şurasının iclasını nailiyyət sayır

BMT Təhlükəsizlik Şurası. Foto: Reuters

Bakı Ermənistanın addımını tamaşa adlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının (TŞ) 16 avqust iclasını nailiyyət hesab edir.

Baş nazirin fikrincə, əsas nailiyyət beynəlxalq ictimaiyyət tərəfindən Laçın dəhlizinin blokadasını təsbit etməsi olub.

Bu barədə avqustun 17-də Nikol Paşinyan hökumətin iclasında danışıb.

Xülasə olaraq deyə bilərik ki, Laçın dəhlizinin bağlanması faktı ən yüksək beynəlxalq instansiyada bəyan edilib. İlk baxışda bu, bir qədər qəribə bəyanatdır, lakin unutmaq olmaz ki, Azərbaycan blokada faktını daim inkar edir”, – deyə Paşinyan vurğulayıb.

Dünən Ermənistanın müraciəti ilə çağırılan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası keçirilib.

İclasda Ermənistan tərəfi Azərbaycanı Laçın dəhlizini bağlamaqla Qarabağda yaşayan etnik erməniləri “blokada” və ya “humanitar böhran”la üz-üzə qoymaqda ittiham edib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bu iddiaları rədd edib.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən olan ABŞ-ın nümayəndəsi Laçın dəhlizi ilə yanaşı, alternativ marşrutları da qəbul etdiyini qeyd edib.

BMT Təhlükəsizlik Şurasının iclasında hər hansı yekun bəyanat və ya qətnamə qəbul edilməyib.

Nikol Paşinyan. Foto: Meydan TV

Nikol Paşinyan bildirib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Beynəlxalq Məhkəmənin qərarlarına əməl etməməsini də qeydə alıb:

“Beynəlxalq ictimaiyyət Azərbaycana dəhlizin açılması üçün kollektiv çağırış səsləndirib”.

Baş nazirin sözlərinə görə, bir neçə həftədir ki, Laçın dəhlizinin girişində 400 ton humanitar yük daşıyan onlarla yük maşını qalıb:

“Dağlıq Qarabağda vəziyyət hər gün pisləşir. Dağlıq Qarabağda kənd təsərrüfatı işləri ilə məşğul olan sakinlər vaxtaşırı Azərbaycan Silahlı Qüvvələrinin atəşinə məruz qalırlar. Bakı bir tərəfdən 100 ton unun Dağlıq Qarabağa gətirilməsinə imkan vermir, digər tərəfdən taxılını biçən sakinləri güllələyir”.

Beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinin aclıqdan Dağlıq Qarabağ ermənilərinə qarşı soyqırım silahı kimi istifadə etdiyini başa düşməyə diqqət yetirməlidir. Buna baxmayaraq, o, hələ də beynəlxalq mexanizmlər çərçivəsində Stepanakert (Xankəndi)-Bakı dialoqunun başlanmasında israr edir, həmçinin Ermənistanın sülh gündəminə sadiqliyindən danışır”, – deyə Paşinyan çıxışını bitirib.

Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “X” sosial şəbəkəsində BMT TŞ-in iclası barədə fikirlərini paylaşıb.

Şahmar Mövsümov
Foto: Trend

Şahmar Mövsümov yazıb ki, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün yaradılması üçün konkret detalların müzakirəsinə başlamaq lazımdır.

“Dünya ictimaiyyətinin yekdil rəyi ondan ibarətdir ki, tamaşalar göstərməkdənsə, Azərbaycan və Ermənistan arasında uzunmüddətli dayanıqlı sülhün konkret detallarının müzakirəsinə keçməyin vaxtı çoxdan çatıb. Bunun üçün artıq bütün ilkin şərtlər var”, – paylaşımda qeyd edilib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında dünənki müzakirələr hansı ölkələrin suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real, dayanıqlı sülh istədiyini ortaya qoydu.

Eyni zamanda hansı dövlətlərin isə revanşla bağlı mənasız ümidlərlə vaxtı uzatmaq üçün “humanitar fəlakət” tamaşasını oynamaqda davam etməsini bir daha göstərib.

Sərhəd-buraxılış məntəqəsi nə vaxt qurulub?

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətPaşinyan BMT Təhlükəsizlik Şurasının iclasını nailiyyət sayır