close

Navalnının anası: “Məni şantaj edir, Alekseyi gizli dəfn etmək istəyirlər”

Aleksey Navalnı. Foto: Meydan TV

Lyudmila Navalnaya dəfn mərasimində hamının iştirakını istəyir

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının anası Lyudmila Navalnayaya yenidən videomüraciətlə çıxış edib.

O bildirib ki, Rusiya İstintaq Komitəsinin Salexarddakı qərargahında olub.

Navalnayanı orada vəkilsiz bir gün saxladıqdan sonra ona müstəntiq və kriminoloqların müşayiəti ilə oğlunun nəşini göstəriblər.

Lyudmila Navalnayaya deyib ki, artıq bütün hüquqi-tibbi sənədlər hazırdır, oğlunun vəfat etməsi ilə bağlı şəhadətnaməni də imzalayıb. Lakin müstəntiqlər nəşi vermək əvəzinə onu şantaj edirlər:

“Dünən axşam məni gizlicə morqa apardılar, orada Alekseyi göstərdilər. Müstəntiqlər iddia edirlər ki, ölümün səbəbini bilirlər. Tibbi-hüquqi sənədlər hamısı hazırdır, ölüm haqqında şəhadətnaməsinə də imza atmışam. Qanuna görə, Alekseyin cəsədini dərhal mənə verməli idilər, amma indiyə qədər bunu etməyiblər. Əvəzində məni şantaj edirlər, mənim üçün şərtlər qoyurlar”.

Mərhumun anası deyir ki, müstəntiqlər ona xüsusi şərtlər qoyur və zamanın onun xeyrinə işləmədiyini, oğlunun nəşinin çürüdüyünü deyirlər:

“Mənim yanımdaca ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından əmrlər alırlar. Onlar dəfni vidalaşmadan, gizli şəkildə həyata keçirilməsini, məni qəbiristanlığın kənarındakı, təzə məzara aparıb “oğlunuz buradadır”-  demək istəyirlər. Mən bununla razı deyiləm. Mən oğlumun dəfn mərasimində hamının onunla vidalaşmasını istəyirəm”.

Lyudmila Navalnaya deyib ki, müstəntiq onu hədələdiyi üçün bu videomüraciəti çəkməli olub:

“Gözlərimin içinə baxaraq deyirlər ki, gizli dəfn mərasiminə razı olmasam, oğlumun cəsədi ilə nəsə edəcəklər. Müstəntiq Voropayev mənə açıq şəkildə dedi ki, zaman sənin tərəfində deyil, meyit çürüyür. Mən xüsusi şərtlər istəmirəm, sadəcə, hər şeyin qanuna uyğun olmasını istəyirəm. Oğlumun meyitinin dərhal mənə qaytarılmasını tələb edirəm”.

2024-cü il fevralın 14-də Aleksey Navalnı Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyanın cəza kamerasına salınıb.

Üç gün sonra fevralın 16-da isə Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həmin koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Fevralın 16-da həyatını itirən Aleksey Navalnının nəşi hələ də yaxınlarına verilmir.

Lyudmila Navalnaya həmçinin Putinə oğlunun nəşinin verilməsi tələbi ilə yazılı müraciət də edib.

Ana səhifəSiyasətNavalnının anası: “Məni şantaj edir, Alekseyi gizli dəfn etmək istəyirlər”