close

Nazim Bəydəmirli AzTV-ni, “Yeni Müsavat”ı, deputatı məhkəməyə verdi

Nazim Bəydəmirli, Foto: APA

Keçmiş deputat hər birindən təzminat istəyir

Sabiq deputat Nazim Bəydəmirli “Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.

Nazim Bəydəmirli şikayətini Nizami Rayon Məhkəməsinə göndərib.

Bu barədə o, “Facebook” səhifəsində paylaşım edib.

“Gədəbəy rayonunda qızıl zavodunun fəaliyyətindən ortaya çıxmış mənzərədə mənə qarşı böhtan yayanları məhkəməyə verdim. Hər üç cavabdehdən təkzib vermələrini, üzr istəmələrini və rəmzi olaraq 1 (bir) manat təzminat ödəmələrini tələb edirəm!”,-deyə Bəydəmirli yazıb.

N.Bəydəmirli qeyd edib ki, məhkəmə işə baxana qədər özləri könüllü təkzib verib üzr istəməsələr, təzminat məsələsinə yenidən baxacaq:

“Necə deyirlər: Tövbə qapısı hələki açıqdır!”.

Gədəbəy rayonunun Söyüdlü kəndindəki etirazları hakimiyyətə yaxın media xarici amillərlə əlaqələndirmişdi.

Konkret olaraq, “Yeni Müsavat” qəzeti etirazların təşkilində Rusiyanın adını çəkərək bildirmişdi ki, təxribatın hazırlanması zamanı təşkilatçılar Gədəbəyin keçmiş icra başçısı, bir müddət həbsdə olmuş AXCP üzvü Saleh Rüstəmov və onun oğlu Sezgin Rüstəmovla da təmasa keçiblər:

“Saleh Rüstəmov mövzunu siyasiləşdirərək AXCP-nin gündəminə çıxarmalı, oğlu Sezgin isə gənclər arasında təbliğat işi görməli idi. Təxribatçıların Rusiya ilə bağlı “5-ci kolon” üzvlərindən olan keçmiş millət vəkili Nazim Bəydəmirli ilə də təmasları olub və o, Bakıdan bu proseslərin koordinasiyası ilə məşğul olub. Məlumat üçün bildirək ki, vaxtilə vergilər naziri Fazil Məmmədovun dəstəyi və Ramiz Mehdiyevin razılığı ilə parlamentdə təmsil olunmuş N.Məmmədovun bir müddət AXCP-yə maliyyə dəstəyi ayırdığı məlumdur”.

Bunun ardınca Azərbaycan Dövlət Televiziyası həmin mətni efirdən oxumuş, o cümlədən, deputat E.Nəsirov Milli Məclisin iclasında bu iddiaları təkrar etmişdi.

Gədəbəydə nə baş verib?

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.

Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Aksiyada kənd sakinlərindən həbs edilənlər var.

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyasında saxlanılan 5 nəfər kənd sakininin hər birinə 20 sutka inzibati həbs cəzası verilib. Onların haqqında həbs qərarlarını Gədəbəy rayon Məhkəməsinin hakimi Füzuli Mirzəquliyev çıxarıb.

Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, saxlanılanlar haqqında rayon polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsilə protokol tərtib olunub.

Saxlanılanlardan ikisi icazəsiz aksiyanın təşkilində, üçü isə bu aksiyada iştirakda ittiham olunur.

Beş nəfərin məhkəməsi ayrı-ayrılıqda keçirilsə də, hamısına eyni hakim baxıb.

Ayın 21-də də daha 5 nəfərin saxlanıldığı bildirilir. Daha 1 nəfər isə 1200 manat cərimə edilib.

Saxlanılan kənd sakinləri izahatlarında da deyiblər ki, heç bir qanun pozuntusuna yol verməyiblər. Sadəcə, Söyüdlü kəndində qızıl zavodu üçün ikinci tullantı gölünün inşasına etiraz edirlər. Çünki göl həm təbiətə, həm də sağlamlıqlarına ziyandır.

Saxlanılanlara dövlət hesabına vəkil təyin edilib.

O isə məhkəmədə çıxışında kənd sakinləri üçün cərimə cəzası kəsilməsini istəyib. Lakin hakim Füzuli Mirzəquliyev məhkəmə qarşısına çıxarılmış Söyüdlü sakinlərinin hər birinə 20 gün inzibati həbs cəzası verilməsi haqda qərar çıxarıb.

Kənd sakinləri həbs edilən yaxınları ilə görüşə bilmədiklərini, onlara apardıqları sovqatı geri qaytardıqlarını bildirir.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.

Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.

Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyniməzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.

Ana səhifəSiyasətNazim Bəydəmirli AzTV-ni, “Yeni Müsavat”ı, deputatı məhkəməyə verdi