close

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

Nazim Bəydəmirli. Foto: Meydan TV

İqtisadçı özünü “girov” adlandırıb

Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb. Noyabrın 1-də Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoy istintaqın təqdimatını təmin edərək, bu barədə qərar çıxarıb.

Məhkəmədə müstəntiq Nazim Bəydəmirli haqqında həbs qətimkan tədbirinin müddətinin uzadılmasıyla bağlı vəsatəti əsaslandırarkən bildirib ki, onun işi üzrə istintaq davam edir. Hələ bir sıra istintaq hərəkətləri aparılmalıdır. Bunun üçün zamana ehtiyac var. O dövrdə də Nazim Bəydəmirlinin həbsdə saxlanması məqsədəuyğundur.

Lakin məhkəmədə iştirak edən sabiq deputatın özü də, vəkili də təqdimata etiraz edib, bunun əsassız olduğunu bildiriblər. Nazim Bəydəmirli deyib ki, ümumiyyətlə, onun həbsi qanunsuzdur, ittiham isə saxtadır. Heç bir cinayət törətmədiyini vurğulayan iş adamı girovluqda saxlandığını bildirib, özünü də “girov” adlandırıb.

Nazim Bəydəmirli və vəkilinin etirazlarına baxmayaraq, Xalidə Əlisoy prokurorun təqdimatını təmin edib və onun haqqında həbs qətimkan tədbirinin müddətini daha 3 ay artırıb.

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

Digərinə görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.

Lakin o, ittihamların heç birini qəbul etmir, özünü “ekologiya məhbusu” sayır. Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.

Nazim Bəydəmirli özü də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel” kimi tanınır) çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.

Ana səhifəSiyasətNazim Bəydəmirlinin həbs müddəti uzadıldı