close

Tayvanda saxlanılan azərbaycanlıların Bakıya göndərildiyi bildirilir

Foto: “maritime-executive”

On doqquz nəfər azərbaycanlı dənizçinin on altısı noyabrın 2-də Bakıda olacaq

Dörd aydır ki, Tayvanda saxlanılan azərbaycanlı dənizçilər Bakıya qayıdır.

Meydan TV-yə bu haqda məlumatı Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov verib.

Onun sözlərinə görə, on doqquz nəfər azərbaycanlı dənizçinin on altısı noyabrın 2-də Bakıda olacaq.

“Bu ilin dekabrına qədər digər üç nəfərin Azərbaycana qaytaracaqlarına söz veriblər”,– Birliyin sədri deyib.

Bildirib ki, dənizçilərin Azərbaycana qaytarılmasına Dövlət Dəniz və Liman Agentliyi nail olub.

2023-cü il iyulun 21-də Tayvanın Qaosyun limanı yaxınlığında texniki istismarı “Zulu Shiping” şirkətinə məxsus “The Angel” konteyner gəmisi batıb. Gəmidə on doqquz nəfər azərbaycanlı olduğu bildirilib.

Çinin Dalian limanından Tayvan sahillərinə doğru hərəkət edən 1262 konteynerli gəminin ümumi çəkisi 16 min tondan artıq olub.

564 fut (təxminən 172 metr) uzunluğunda batmış konteyner gəmisinə az kükürdlü 500 ton yüngül dizel yanacağı yüklənib.

Qəzalı vəziyyətə düşən gəminin ekipaj üzvləri təxliyə edilərək Tayvanda otelə yerləşdiriliblər.
Sonradan ölkənin miqrasiya xidməti dənizçiləri oteldən çıxmağı qadağan edib.

Ana səhifəSosialTayvanda saxlanılan azərbaycanlıların Bakıya göndərildiyi bildirilir