Sərgi və Konfrans Mərkəzi “Paşa Property Management” şirkətinə aiddir
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC şirkəti tender keçirib. “Paşa Property Management” MMC ilə satınalma müqaviləsi imzalayan şirkət müqaviləni elektron tender müsabiqəsi keçirmədən, yəni bir mənbədən satınalma metodu əsasında keçirib.
Dövlət satınalmalarının vahid internet portalında bu müqavilənin şərtlərinə görə, “Paşa Property Management” MMC Beynəlxalq Kitab Sərgisinin keçirilməsi üçün Bakı Ekspo Mərkəzinin 1-ci zalını (4000 kv. metrlik) Mədəniyyət Nazirliyinə 6 günlük icarəyə verərək və qarşılığında 220 min 380 manat 34 qəpik alacaq. Bakı Ekspo Mərkəzində keçirilən “X Bakı Beynəlxalq Kitab Sərgisi” oktyabrın 2-dən başlayıb 8-dək davam edəcək.
10 hektar ərazidə yerləşən “Baku Expo Center” Sərgi və Konfrans Mərkəzində sərgi və konfranslarla yanaşı seminarlar, təqdimatlar, habelə işgüzar və əyləncə xarakterli müxtəlif tədbirlər həyata keçirilir. Burada konfrans zalları, iclas otaqları, biznes mərkəzi, fudkort, və digər xidmətlər mövcuddur. 500 avtomobildən artıq tutumu olan geniş parkinq sahəsi kompleksin qarşısında yerləşir.
Sərgi və Konfrans Mərkəzi “Paşa Property Management” şirkətinə aiddir. Tikintisini “Paşa İnşaat”-ın həyata keçirdiyi “Baku Expo Center” üçün icarə elanı törəmə şirkəti olan “Paşa Real Estate”-in saytında qeyd olunub.
Mədəniyyət Nazirliyinin satınalma müqaviləsi imzaladığı “Paşa Property Management” MMC ölkənin ən böyük şirkəti olan “Paşa Holding”ə bağlıdır və daşınmaz əmlakın idarə olunması ilə məşğuldur.
“PAŞA Holding” şirkətini əvvəllər Arif Paşayev idarə etsə də, hazırda holdinq İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalara məxsusdur. Birinci vitse-prezident Mehriban Əliyevanın atası Arif Paşayev 2013-cü ildə şirkətin idarəsini öz nəvələrinə – Arzu və Leyla Əliyevalara ötürüb.