close

Nikol Paşinyan Azərbaycanla razılaşdırılmış prinsipləri açıqlayıb

Nikol Paşinyan. Foto: Meydan TV

Tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq”

Ermənistanın Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsipin razılaşdırıldığı deyilir.

Bu barədə oktyabrın 30-da Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada, parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Baş nazirin qənaətincə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq. O, hansı prinsiplərin razılaşdırıldığını da sadalayıb:

“Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Üstəlik, Ermənistan Respublikasının ərazisinin 29,8 min kvadratmetr olduğunu başa düşməklə. Azərbaycanın isə 86,600 kv. km ərazisini tanımalıyıq. İkinci prinsip Alma-Ata Bəyannaməsini ehtiva edir, yəni plana görə, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır. Nəhayət, üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasını özündə əks etdirir. Bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir“ .

“Bir daha qeyd etməliyəm ki, planlarımıza Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri tənzimləmək daxildir. Baxmayaraq ki, bunun asan olmayacağını başa düşürük, lakin bu proqramın təşviqi Ermənistanın dövlət maraqlarından irəli gəlir”,-deyə Paşinyan fikrini tamamlayıb.

Azərbaycan hökuməti Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışına hələ reaksiya verməyib.

Oktyabrın 20-də Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Bakıdan təkliflər aldığını açıqlamışdı. Ancaq Vahan Kostanyan onlarla bağlı hələ müzakirələr aparıldığını əlavə etmişdi:

“Biz hələlik yeni yazılı təklif təqdim etməmişik, müzakirələr aparırıq, cavab paketi hazırlayırıq. Azərbaycanın Qranada bəyanatı ilə bağlı ictimai mövqe bildirməsini və bu mərhələlərin onun üçün məqbul olub-olmadığını bildirməsini gözləyirik”.

Nazir müavini Qranadada qəbul edilən bəyanata toxunaraq qeyd etmişdi ki, sülh müqaviləsində və ya münasibətlərin normallaşdırılmasına dair sazişdə bu məsələlər öz yerini tapmalıdır

Ermənistanın Baş nazirinin açıqlamasını Meydan TV-yə şərh edən Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı hazırda sülh sazişinin imzalanması üçün real şəraitin yarandığını ehtimal edir:

“Ancaq Paşinyanın söylədikləri məsələnin fəlsəfi tərəfidir, siyasi, praktiki yox. Yaxşı olardı bunlar uzlaşardı. Sadəcə, bölgədə Rusiyanın təsir imkanlarına görə bunlar uzlaşmır və sülh sazişinin imzalanmamasında da Kreml maraqlıdır. Hansı ki, Qarabağda “sülhməramlı” kontingenti var. Bu gün Rusiyanın Azərbaycana təsir imkanları yetərincədir, nəinki Ermənistana“.

Azər Qasımlı hesab edir ki, bu gün Ermənistan Qərbə inteqrasiya istiqamətini götürübsə, Azərbaycanda tam əksidir:

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

“Azərbaycan iqtidarı mahiyyətcə avtoritar olduğundan Rusiyanın bölgədən getməsində maraqlı deyil. Bu faktoru nəzərə alaraq sülh sazişinin imzalanacağını gözləmirəm. Halbuki, sülh sazişinin imzalanması üçün yaxşı şərait və imkan var. Çünki Qarabağda separatçı qalmayıb və Azərbaycan ordusu Xankəndiyə, Əsgərana, Xocalıya daxil olmayıb, yəni Ermənistan bu həssaslığı görür. İkinci, Ermənistan hökuməti də Qarabağ məsələsini ikitərəfli münasibətlərdə problem saymır, bu, çox önəmli məqamdır“.

“İndi sual olunur, niyə rəsmi təbliğatda Nikol Paşinyan hədəfə alınıb, nədir problem? Problem də Ermənistanın Qərbə inteqrasiyasıdır, Azərbaycanın isə bu dəyərləri bölgəyə buraxmaq istəməməsidir. 3+3 formatı da bunun bariz nümunəsidir. Ona görə ilin sonuna qədər sülh sazişinin imzalanmasında spektikəm“,-deyə Qasımlı fikrini yekunlaşdırıb.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətNikol Paşinyan Azərbaycanla razılaşdırılmış prinsipləri açıqlayıb