close

Tərtər sakini: “İstəmirəm ki, mənim qızım kimi, başqalarının da balalarının qanı batırılsın”

Vidadi Məhərrəmov. Foto: Meydan TV

Vidadi Məhərrəmov: “Belə məsələlərdə puldan, maldan daha vacib dəyərlər olduğunu bir çoxu anlamır”

Tərtər sakini Vidadi Məhərrəmov qızının qətli ilə bağlı cinayət işinin obyektiv araşdırılmamasından şikayətçidir. O, Tərtər rayonunun prokuroru Əli Qurbanovu ittiham edir. Söhbət 2023-cü il mayın 4-də qətlə yetirilən 20 yaşlı Leyla Məhərrəmlinin ölümüylə bağlı cinayət işindən gedir.

“Vəzifəlilərin öz yaxınlarının başına gəlsəydi…”

Leyla Məhərrəmlini öldürməkdə təqsirləndirilən əri Sahib Əlizadə həbsdədir. Hadisədən sonra o, Tərtər Rayon Polis Şöbəsinə gedərək təslim olub. Hazırda onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

23 yaşlı Sahib Əlizadəyə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham verilib. Bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Zərərçəkmiş tərəfi narazı salan da elə təqsirləndirilən şəxsə verilən ittihamdır. Vidadi Məhərrəmov hesab edir ki, Sahib Əlizadəyə daha ağır maddə ilə ittiham verilməliydi. Onun sözlərinə görə, ortada xüsusi amansızlıqla adam öldürmə faktı vardı, amma Tərtər Rayon Prokurorluğu bunu ört-basdır eləməyə çalışır.

“Bütün ailənin, bacısının gözünün qarşısında adama 17 bıçaq zərbəsi vurana 120.1 ittihamı vermək nə deməkdir? Aydın məsələdir ki, bu məsələlər elə-belə olmur. Burada gənc bir qadının, körpə uşağın anasının qanından söhbət gedir. Vəzifəlilərin öz yaxınlarının başına gəlsəydi, yenə eyni cür davranardılarmı? Adam özünü başqasının yerinə qoymağı bacarmalıdır. Başqasının ağrısını, acısını başa düşməyi bacarmayan insan deyil. Belə məsələlərdə puldan, maldan daha vacib dəyərlər olduğunu təəssüf ki, bir çoxu anlamır”, – ata Meydan TV-yə danışır.

“Mənim saçlarım ağaran kimi, heç bir ananın saçlarının ağarmasını istəmirəm”

Onun fikrincə, Sahib Əlizadəyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham verilməliydi. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Vidadi Məhərrəmovun sözlərinə görə, qızı boşanmaq istədiyinə görə əri onu qətlə yetirib. Onun sözlərinə görə, Leyla ərinin evindən çıxıb onlara gəlib. Hadisə baş verən gün kürəkəni 2 yaşlı oğlu Hüseyni görmək adıyla onlara gəldiyini deyərək aldadıb. Həyətdə Leyla ilə söhbət edərkən onu qətlə yetirib.

İttiham aktı.

Zərərçəkmiş tərəf ittihamın ağırlaşdırılması üçün istintaq dövründə bir neçə dəfə Baş Prokurorluğa, Prezident Administrasiyasına da şikayət edib, müxtəlif vəzifəli şəxslərin qəbuluna gedib. Ancaq nəticə dəyişməyib. Tərtərin prokuroru Sahib Əlizadənin işini elə Cinayət Məcəlləsinin 120.1 maddəsilə məhkəməyə göndərib.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində Leyla Məhərrəmlinin atası iştirak edir. Vidadi Məhərrəmov deyir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində ittihamın ağırlaşdırılması üçün cinayət işinin istintaqa qaytarılması barədə vəsatət qaldırıb. Amma vəsatəti təmin edilməyib. Hazırda bu cinayət işi üzrə məhkəmə prosesi davam edir. Növbəti məhkəmə iclası noyabrın 16-na təyin olunub.

Leylanın anası Zülfiyyə Məhərrəmova isə Tərtər rayon prokurorunun hərəkətlərinin araşdırılmasını istəyir:

“Mən istəmirəm ki, mənim qızım kimi başqalarının da balalarının qanı batırılsın. Mənim saçlarım ağaran kimi, heç bir ananın saçlarının ağarmasını istəmirəm. Ona görə Baş Prokurorluğa, Prezident Administrasiyasına, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişəm. Bir müddət əvvəl biz Baş Prokurorluğa müraciət edəndə dedilər ki, narahat olmayın. Amma təəssüf ki, biganə yanaşdılar”.

Qadın qətlləri artır

Zərərçəkmiş tərəf Leyla Məhərrəmliyə 17 bıçaq zərbəsi vurulduğunu iddia etsə də, ittihamda 5 bıçaq zərbəsindən söhbət gedir. Bundan başqa, zərərçəkmiş tərəf Sahib Əlizadənin arvadını ondan boşanmaq istədiyinə görə qətlə yetirdiyini iddia edir. Lakin təqsirləndirilən şəxs bildirib ki, faktiki toy edib, ər-arvad olsalar da, onların arasında rəsmi nikah olmayıb. Çünki 2020-ci ildə əvvəl anası xəstə olub, daha sonra müharibə başlayıb, rəsmi nikah bağlaya bilməyiblər. Sahib Əlizadə iddia edib ki, Leylanı xəyanət şübhəsiylə qısqanclıq zəminində öldürüb.

Prokurorluq da cinayət işinin istintaqının obyektiv və hərtərəfli aparıldığını deyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda məişət zorakılığı nəticəsində 46 qadın qətlə yetirilib. Ötən il isə Azərbaycanda 51 qadın məişət zorakılığının qurbanı olub. Hələlik il başa çatmadığına görə 2023-cü ilə aid nəticələr açıqlanmayıb. Lakin müşahidələr builki rəqəmlərin daha yuxarı olduğunu deməyə əsas verir.

Ana səhifəBölgəTərtər sakini: “İstəmirəm ki, mənim qızım kimi, başqalarının da balalarının qanı batırılsın”