close

Nikol Paşinyan İlham Əliyevlə təcili müzakirə aparmağa hazır olduğunu deyib

N.Paşinyan və İ.Əliyev. Foto: Meydan TV

Ermənistanın Baş naziri Avropa liderləri ilə telefonla danışıb

Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makronun telefon danışığı haqda məlumat yayıb.

Sentyabrn 9-da baş tutan danışıqda tərəflərin Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda dərinləşən humanitar böhran, Azərbaycan qoşunlarının Dağlıq Qarabağ ətrafında toplanması, eləcə də artan tendensiya ilə bağlı məsələləri müzakirə etdiyi bildirilir.

Qeyd olunub ki, Baş nazir Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara və bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə yanaşmaya sadiqliyini təsdiqləyib:

“Prezident Emmanuel Makron sərhədlərdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib. Fransa lideri də regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu vurğulayıb”.

Mənbə: Ermənistan hökuməti

Rəsmi məlumata görə, Nikol Paşinyan Almaniya Kansleri Olaf Şolzla da telefon danışığında Azərbaycan Prezidenti İlham Əliyevlə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu deyib.

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.
2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.
Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətNikol Paşinyan İlham Əliyevlə təcili müzakirə aparmağa hazır olduğunu deyib