close

Nikol və Ayaz

Nikol Paşinyan. Foto: Meydan TV

Zərdüşt Əlizadə

Rusiya və köhnə mafiyanın iki oxşar oyunu

Rusiya Nikol Paşinyanı devirmək üçün bütün vasitələrə əl atsa da, məqsədinə çata bilmir. Nikol palıd ağaca dərin çalınmış mıx kimi möhkəm oturub, Rusiyanın və onun Ermənistan daxilində əsas aləti olan köhnə mafiyanın, bu mafiyanın küçə şilləvuranlarının siyasi fəndlərini və kələklərini məharətlə zərərsizləşdirir. İldən ilə davam edən ardıcıl məğlubiyyətlərin ucbatından Nikolun əhali arasında hörməti aşağı düşsə də, yenə də köhnə mafiyanın ağlasığmaz cinayətlərinin erməni xalqının yaddaşında həkk etdiyi qəzəb və qorxu hissləri onu hakimiyyətin zirvəsində saxlayır.

Zərdüşt Əlizadə
Foto: Meydan.tv

2020-ci il 44 günlük müharibədə məğlubiyyət, 2023-cü ilin sentyabrında separatçıların ordusunun tarmar edilməsi və erməni əhalisinin Qarabağdan mütəşəkkil köçü belə köhnə mafiyaya hakimiyyətə qayıtmaq imkanı vermədi, dəfələrlə sınaqdan keçmiş mitinq silahı hakimiyyət hərislərinə şirin vəzifə kürsülərinə təkrar yayxanmaq səadətini bəxş etmədi.

Son ümid DTK-FSB agenturası olan erməni mollalarının meydanlara salınmasına qaldı. Keşiş Baqrat iyun ayının 12-də köhnə mafiyanın cüvəllağı şilləvuranlarının əhatəsində irəli düşüb cahil kütləni hakimiyyətin mərkəzi olan parlament binasının üzərinə aparanda Rusiya da, onun agenturası olan köhnə mafiya da çox istəyirdi ki, polis nəfərləri camaata güllə atsın, yaxşı olardı ki, çox adamı, heç olmasa bircə nəfəri öldürsün və bu zaman, baho-o, dünya miqyasında şivən qoparıb cəllad Paşinyan hakimiyyətinin məsum xalqa tutduğu qanlı divan barədə fəryad çəkmək mümkün olsun.

Di gəl ki, əvvəla, mitinq iştirakçılarının içərisində köhnə mafiya başçılarının milyonlarının artırılması naminə qəhrəmancasına həlak olmaq istəyən tapılmır, saniyən, polis mitinqləri tam təlimatlara uyğun, peşəkarcasına dağıdır və heç bir insan tələfatına yol vermir. Qərb mediası Baqratın mitinqinin Yerevanda dağıdılmasını demokratiyanın təntənəsi kimi qələmə verir.

Yəni, tam dilxorluqdur. Nikol Paşinyan və onun hakim komandası köhnə hakimiyyət mafiyasına və onun sırtıq və amansız şilləvuranlarına qalib gəlir. Artıq Nikoldan zəhləsi gedən erməni politoloqları da etiraf edirlər ki, keşiş Baqratın da hərəkatı uğur qazana bilmir.

Rusiya nə edəcəyini bilmir. Əlbəttə, 1999-cu ildə Ermənistan parlamentində olduğu kimi, terror aktı törədə bilər. Lakin məhz bu terror hadisəsindən Paşinyan lazımi ibrəti götürüb və şəxsi mühafizəsini maksimum gücləndirib. İkincisi, Nikol artıq müxalifəti aşkar tərzdə Rusiya ilə iş birliyində ittiham edir, parlament müzakirələrində açıq deyir ki, hər mitinqə qoşulana gündə 10 min dram muzd paylayan köhnə mafiya başçıları cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Müxtəsər, nə Qarabağın itirilməsi ittihamı, nə məğlubiyyət və itkilər, nə də informasiya sahəsindəki həyasız qaralamalar Nikol Paşinyanı baş nazir vəzifəsindən aşırmağa imkan vermir. Köhnə mafiyanın hakimiyyət ehtirasının doğurduğu hündür dalğalar Nikolun sonsuz vəzifə eşqinin qayalarına çırpılaraq təsirsiz dağılır, Rusiyanın beynəlxalq müstəvidə əl atığı bütün səylər puça çıxır.

Əgər Ermənistandakı siyasi çəkişmənin məğzi ölkədəki ali məqamdırsa, bu çəkişmədə Nikol Paşinyanın vəzifə ehtirası və dəmir iradəsi Rusiyanın və köhnə mafiyanın iradəsinə qalib gəlir.
Bu zaman mənim yadıma Azərbaycandakı oxşar hadisə düşür.

1992-ci ildə Azərbaycanın prezidenti Ayaz Mütəllibov idi. Rusiya DTK-sı və köhnə nomenklatura mafiyası öz yerli şilləvuranlarının əli ilə 20 Yanvar təxribatı törətmiş, qarabağlı Vəzirovun başını yemiş, şahlıq quşunu uçurmuş və bu quş gəlib Mütəllibovun başına qonmuşdu.

Nəzakətli və ağciyər Mütəllibov bütün işlərində güzəşt axtarır, bütün hakimiyyət hərislərinə pay verib ortaq məxrəc tapmağa can atırdı. Hakimiyyət hərisi Həsən Həsənova baş nazir vəzifəsi, vəzifə hərisləri AXC liderlərinə parlamenti və nazirlər kabinetində yüksək vəzifələr vermişdi. Dəfələrlə AXC liderlərinə koalision hökumət təşkil etməyi təklif etmişdi. Belə bir koalision hökumət təşkil olunsaydı, Azərbaycan ardıcıl demokratik islahatlar yoluna qədəm qoyub sürətlə avtoritar keçmişindən qurtula bilərdi, indiki bədnam diktatura bataqlığında çabalamazdı.

Lakin Azərbaycanın demokratik inkişafı Rusiyaya lazım deyildi. Rusiya Mütəllibovdan tələb edirdi ki, MDB ordularının vahid komandanlığı yaransın və bu vahid ordu Moskvadan idarə edilsin. Mütəllibov RF-nin müdafiə naziri Yevgeniy Şapoşnikovun bu kəskin tələbini 1992-ci ilin fevral ayının 25-də axşamçağı rədd etdi. Fevralın 25-dən 26-na keçən gecə rus tankları və erməni yaraqlıları Xocalıya hücum etdilər və dinc əhalini vəhşicəsinə qırdılar. Qətliamın video çarxı AXC deputatlarının təkidi ilə mart ayının 5-də Ali Sovetdə göstərildi, dəhşətli kadrlar respublika televiziyası ilə bütün ölkəyə yayımlandı. Erməni terrorçularına şahanə hədiyyə olan bu yayımın nəticəsində Azərbaycan xalqının mütləq əksəriyyətinin ürəyinə erməni xofu hopdu və bu xofun nəticəsi Birincu Qarabağ müharibəsində öz məşum təsirini göstərdi. AXC liderlərinin şantajının nəticəsində Mütəllibov vəzifəsindən istefa verdi.

Bu istefa nəticəsində ölkədə müsbətə dəyişiklik ümidi var idimi? Bakıda vəzifələrə naşı, nadan insanlar can atır, Qarabağda erməni yaraqlıları Şuşanı işğal edirlər. Rusiya Mütəllibovu razı salır ki, vahid ordu ideyasını qəbul etsin. May ayının 14-də Ali Sovetin deputatları əl çala-çala Mütəllibovu vəzifəsinə qaytarırlar. Prezident sarayının ətrafına general Sufyan Beppayevin tankları düzülür.

AXC liderləri mayın 15-də 26 Bakı komissarları adına bağda mitinq keçirirlər. Lakin qəti hərəkətə keçməyə cəsarətləri çatmır. Gurultulu çıxışlar edilir, aramsız türk Mehtər marşı çalınır. Qurban Məmmədov Naxçıvana, Heydər Əliyevə zəng vurub məsləhət istəyir. Ulu öndər tövsiyə edir ki, AXC liderləri camaatı hakimiyyət binalarının üzərinə yönəltsinlər.

General Sufyan Beppayev prezident Mütəllibova təklif edir ki, bir rota xüsusi təyinatlı göndərib AXC liderlərini həbs etsin. Mütəllibov soruşur: “Bu əməliyyat zamanı qan tökülə bilərmi?” General cavab verir: “Mənim desantım onları cücə kimi tutacaq. Amma səfehlik edib silahlı müqavimət göstərsələr, əlbəttə ki, qan tökülə bilər”. Mütəllibov rus generalına deyir: “Beləysə, mən bu təklifə razı deyiləm”.

Bundan sonra Sufyan Beppayev tanklarını Prezident sarayının ətrafından götürüb çıxıb gedir. Bu zaman isə, əgər amerikan jurnalisti Tomas Qoltsun “Azərbaycan gündəliyi” kitabında yazdığı xatirələrinə inansaq, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Filip Remler və Türkiyənin MİT-nin zabiti Mehmed Əli Bayar Azərbaycan xalqının milli-azadlıq mübarizəsinin şəksiz lideri Əbülfəz Əliyev üçün xalqa son və qəti müraciətinin mətnini yazırlar. Sonra isə prezident aparatının işçisi Vəfa Quluzadə xəbər çatdırır ki, sarayda müqavimət əzmi yoxdur və onun müdafiəçiləri dağılışırlar.

Müxtəsər, AXC liderləri izdihamı avara-bekar adamları hesabına toplayıb artırmaq məqsədilə uzun yolla, Rəşid Behbutov küçəsi ilə Bakıxanov küçəsinə, oradan İnşaatçılar prospektinə, oradan isə Nərimanov prospektinə tərəf sürüb aparırlar, Parlamentin binasının önündə döyüş şəbədəsi qurulur, aralıqda bir gənc zirehli maşının altına düşüb həlak olur. Bu “xalq hakimiyyətinin qurulması” naminə həlak olmuş gəncin adı heç yerdə qalmır. AXC silahlıları Ali Sovetin bunasını atəşə tutub içəri girirlər, heç kəsi tapammırlar.

Mütəllibov isə artıq bu vaxt Moskvaya uçmuşdu.

Yerevanda 2024-cü ilin iyununda və Bakıda 1992-ci ilin mayında baş vermiş hadisələrdə böyük oxşarlıq var, əsas oyunçular Rusiya agenturası, köhnə mafiyalar və küçə şilləvuranlarıdır. Məqsəd də eynidir: kim ölkəni qarət edəcək, Rusiya bölgəni necə nəzarətdə saxlayacaq.

Sadəcə bircə böyük fərq var: Mütəllibov qan tökməkdən qaçırdı, Paşinyan qaçmır və onun siyasi rəqibləri bunu yaxşı bildiklərindən zilə qalxmağa cürət etmirlər.

Ana səhifəMənim FikrimcəNikol və Ayaz