close

Nurlan Libre Baş Prokurorluğun önündə aksiya keçirib

Foto: screenshot

Jurnalist saxlanılıb, sonra sərbəst buraxılıb

Oktyabrın 24-də Baş Prokurorluğun önündə etiraz edən jurnalist Nurlan Qəhrəmanlı (Libre) saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb və sonra buraxılıb.

Nurlan Qəhrəmanlı bildirib ki, bir aydır telefonu Baş Prokurorluq tərəfindən geri qaytarılmır və həbs olunarkən Baş Prokurorluqda döyülüb.

Baş Prokurorluğun önündə məruz qaldığı işgəncəyə etiraz edən jurnalist Baş prokuror Kamran Əliyevlə görüş tələb edib.

Kamran Əliyevin özündən hesab soruşmağa gəlmişəm. Ondan məni döyənlərin cəzalandırmasını xahiş etməyə gəlməmişəm. İşgəncə verənlərin üzünə tüpürmək lazımdır. İşgəncə insanlıq cinayətidir”, – jurnalist deyib.

Nurlan Librenin sözlərinə görə, sentyabrın 21-də yaşadığı Sumqayıt şəhərindəki evindən onu 4-5 nəfər zorakılıqla aparıb. Onu öncə Sumqayıt Şəhər Polis İdarəsinə, oradan isə Baş Prokurorluğa gətiriblər. Sosial media hesabındakı paylaşımlarına görə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsində Nurlan Qəhrəmanlı haqqında protokol tərtib olunandan sonra isə o, Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Hüseyn Səfərov da onun haqqında 30 günlük həbs qərarı verib.

Ona İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə 30 günlük həbs cəzası verilib.

Sentyabrın 26-da Bakı Apelyasiya Məhkəməsində jurnalistin şikayətinə baxılıb. Bakı Apelyasiya Məhkəməsinin hakimləri qərarı dəyişməyib. 30 günlük həbs qərarı qüvvədə saxlanıb. Nurlan Librenin həbs müddəti oktyabrın 1-də bitib. Lakin jurnalist bildirib ki, hələ də mobil telefonu ona qayratılmayıb.

Ana səhifəSiyasətNurlan Libre Baş Prokurorluğun önündə aksiya keçirib