close

Nurlana Əliyeva məhkəmədə dindirildi: “Prezident məni yanına çağırıb dedi ki, orada ideoloji vəziyyət pisdir”

Nurlana Əliyeva. Foto: Meydan TV

“Mənim dövrümdə universitetdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri artdı”

Bakı Slavyan Universitetində (BSU) ikinci təhsil alan tələbələrin təhsilhaqqı kimi ödədiyi pulların mənimsəmənilməsi, eləcə də orada işə düzəlmək istəyənlərə qarşı dələduzluqla bağlı cinayət işində adı hallanan universitetin keçmiş rektoru Nurlana Əliyeva aprelin 3-də məhkəmədə dindirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında o, əlavə şahid qismində ifadə verib.

Nurlana Əliyeva universitetin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, külli miqdarda mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunan dosent Dürdanə Əliyevanın məhkəməsində dindirilib. O, Dürdanə Əliyeva və vəkilinin qaldırdığı vəsatət əsasında məhkəməyə çağırılıb.

Hələ ilk məhkəmə iclaslarının birində təqsirləndirilən Dürdanə Əliyeva ittihamda yazılanlara münasibət bildirərkən belə demişdi: “Bunu mən tək edə bilməzdim”.

Onun sözlərinə görə, rektor Nurlana Əliyeva və baş mühasib də proseslərin birbaşa iştirakçısı olub: “Amma onlar məsuliyyətdən kənarda saxlanılıblar. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedən dövrdə də dəfələrlə bu məsələni qaldırmışam. Onların da cəlb edilməsi üçün vəsatətlər vermişəm”.

Dürdanə Əliyevanın sözlərinə görə, Nurlana Əliyevanın baş verənlərdən xəbəri olub, alınan vəsaitlərdən də ona çatıb.

Bu əsasla da vəkili Nurlana Əliyevanın məhkəmədə dindirilməsi haqda vəsatət qaldırmış, məhkəmə də təmin etmişdi. Lakin Nurlana Əliyeva məhkəməyə gəlməmişdi. Bundan sonra məhkəmə onun haqqında məcburi gətirilmə qərarı çıxarmışdı. Bu qərarın da çıxarılmasından iki aya yaxın vaxt keçməsinə baxmayaraq, o, yenə də gəlmirdi.

Aprelin 3-də Nurlana Əliyevanın dindirməsi təxminən iki saat çəkib. Keçmiş rektor bildirib ki, o, 2016-cı ildə bu vəzifəyə təyin olunanda universitetdə xeyli problemlər vardı:

Prezident məni yanına çağırıb dedi ki, orada ideoloji vəziyyət ağırdır. Universitetin maliyyə sistemində o qədər pozuntu vardı ki, yoxlama zamanı Hesablama Palatası da baş aça bilməmişdi. Mən gələndən sonra orada inkişaf başladı. Dünyada məşhur şəxslər universitetdə mühazirələrlə çıxış etdilər. Beş ildə universitet tamamilə dəyişdi. Mənim dövrümdə universitetdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri artdı”.

Məhkəmə prosesinə sədrlik edən hakim Əli Məmmədov Nurlana Əliyevayadan məhkəmədə baxılan işin mahiyyəti haqda ifadə verməsini istəyib. Bundan sonra o, cinayət işində bəhs olunan məsələlərdən danışmağa başlayıb. O bildirib ki, Dürdanə Əliyeva ilə əlbir olması, mənimsənilən təhsil haqları, işə düzəlmə adıyla alınan pulların bir hissəsinin ona çatması haqda deyilənlər yalandır:

“Pandemiya dövründə vəziyyət pis idi, tələbələr universitetə gəlib-gedə bilmirdi. Dürdanə Əliyeva belə bir vəziyyətdə mənim inamımdan sui-istifadə elədi. Birinci dəfə iki nəfər tələbə ödənişinin mənimsənilməsilə əlaqədar mənə şikayət elədi. Araşdırdıq, məlum oldu ki, Dürdanə Əliyeva mənimsəyib. Onu yanıma çağırdım. Dedim ki, ayıbdır, müəllimə yaraşmaz belə hərəkətlər. Söz verdi ki, evimi satmaq hesabına da olsa, ödəyəcək. Ona 10 gün vaxt verdim. Söz versə də, eləmədi. Ona görə Təhsil Nazirliyinə şikayət elədim. O, mənim 5 illik fəaliyyətimə kölgə salmağa çalışdı. Mən o qədər abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım. Mən evimdən universitetə mürəbbə, şəkərbura, paxlava gətirirdim ki, universitetin pulu getməsin”.

Daha sonra Nurlana Əliyeva prokurorun, vəkilin və hakimin suallarını cavablandırıb. Prokuror ondan soruşub ki, necə olub, 3 il ərzində Əyani və qiyabi təhsil şöbəsində baş verənlərdən xəbərsiz qalıb? Keçmiş rektor bunu pandemiya dövrünün yaratdığı çətinliklərlə əlaqələndirib.

Təqsirləndirilən Dürdanə Əliyevanın vəkili soruşub ki, 123 tələbənin təhsil haqqının kassaya ödənilməməsi onda şübhə yaratmayıb? Sabiq rektor bildirib ki, o, hər bir tələbənin ödənişiylə ayrı-ayrılıqda maraqlanmır.

“Dürdanə Əliyeva ilə heç bir işbirliyim olmayıb. Bir-iki dəfə kiminsə işə düzəldilməsi barədə məndən xahiş edib. Onun xahişlərini rədd eləmişəm. Mən bu məsələlərlə bağlı istintaqa 40 səhifəlik material vermişəm”, – keçmiş rektor belə deyib.

Dindirilən tələbələr ifadələrində bildiriblər ki, universitetdə terminallar işləmədiyinə görə təhsilhaqqını nağd şəkildə Dürdanə Əliyevaya verməli olublar. Həmin vəsaitlər də mənimsənilib. Sabiq rektordan universitetdəki terminalların niyə işləmədiyi də soruşulub. O, belə cavab verib:

Hamısı Dürdanə Əliyevanın işləridir. Mən burada eşidirəm ki, universitetdə ödəmə terminalları işləməyib”.
Dürdanə Əliyeva isə bildirib ki, ondan məcburi ərizə alıb işdən çıxarıblar: “Əgər qanunsuzluq vardısa, onda göstərərdiniz, niyə göstərmirdiniz? Onda təhvil-təslim olmuşdu”.

Dürdanə Əliyevanın məhkəməsi aprelin 10-da davam edəcək.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. O, tələbələrin ödədiyi təhsilhaqqı ödənişlərinin mənimsənilməsilə bağlı qalmaqaldan 5 ay sonra vəzifəsindən azad edilib. O, 12 il (2009-2021) YAP-ın Qadınlar Şurasının da sədri olub.

Ana səhifəSiyasətNurlana Əliyeva məhkəmədə dindirildi: “Prezident məni yanına çağırıb dedi ki, orada ideoloji vəziyyət pisdir”