close

Ombudsman Aparatının əməkdaşları İbadoğlu, Zeynallı və Bəydəmirli ilə görüşüblər

Fotolar: Meydan TV

Səbinə Əliyevanın belə bir tapşırıq verdiyi bildirilir

Avqustun 16-da İnsan Hüquqları üzrə Preventiv Qrupun üzvləri Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmələrini həyata keçiriblər.

Bu barədə Ombudsman Aparatının yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, bu addım müvəkkil Səbinə Əliyevanın tapşırığı əsasında atılıb.

Məlumata görə, başçəkmələr zamanı bir sıra şəxslərlə, o cümlədən Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə konfidensial qaydada görüş keçirilib:

Onlarla rəftar, saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti öyrənilib, müraciətləri yerində araşdırılıb. Həmin şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub”.

Eyni zamanda, bir sıra şəxslərin Ombudsmana ünvanlanmış ərizələrinin qəbul edildiyi, bəzi müraciətlərin yerindəcə təmin olunduğu vurğulanıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə birlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.

Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.

Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Əvəz Zeynallı isə ötən il sentyabrın 10-da rüşvət ittihamıyla həbs edilib.

Bu ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır.

“Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Cinayət işində başqa bir epizod isə “Azəryolservis” ASC rəhbərliyindən pul alınması iddiasıyla bağlıdır.

Lakin Əvəz Zeynallı bu ittihamları rədd edir, özünü təqsirli bilmir.

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə-xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

Nazim Bəydəmirli ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində bir neçə nəfərin sırasında Nazim Bəydəmirlinin də adı hallandırılırdı.

Nazim Bəydəmirli özü də “Bandotdel”ə çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.

Ana səhifəSiyasətOmbudsman Aparatının əməkdaşları İbadoğlu, Zeynallı və Bəydəmirli ilə görüşüblər