close

Yevlax sakini: “”Unibank” evimizi əlimizdən aldı, indi də bizə baha satır”

Unibank

Ekspert deyir ki, vətəndaş məhkəməyə müraciət edib evi yenidən qiymətləndirə bilər

Yevlaxın Əkşəm kənd sakini Qənirə Abdulla qızı Mikayılova “Unibank”dan narazıdır.

Şikayətçi Meydan TV-yə bildirib ki, mərhum həyat yoldaşı Əli Tanrıverdi oğlu Mikayılov 2014-cü ildə fərdi yaşayış evini “Unibank”da girov qoyaraq, müqabilində 30 min manat pul götürüb.

Sonradan məbləğ ödənilmədiyi üçün ailə evdən çıxmaq məcburiyyətində qalıb:

“Həyat yoldaşım evimizi girov qoyub, pul götürmüşdü ki, maldarlıqla məşğul olsun. Düzü, bizimlə hesablaşmadan, bunu etmişdi. Həm də evin aparıcı qüvvəsi o, olduğu üçün biz ona etiraz edə bilməzdik. Bizi “Unibank”a apardı, hamımız razılıq verdik, sənədlərə qol çəkdik. Bank ərimə 30 min manat ayırdı. Bizə 27 min manat pul verildi”.

Qənirə Mikayılova deyir ki, bankın aylıq ödənişlərindən xəbərsiz olub.

Həyat yoldaşı bu haqda ailə üzvlərini məlumatlandırmayıb:

Yoldaşım məsələni özü həll edirdi, gedişatdan bizi xəbərdar etmirdi. Borcun 10 min manatını ödəmişdi. 20 min manatı isə qalırdı. 20 min manatı artırıb, 56 min manat etdilər. Sonradan öyrəndik ki, ev hərraca çıxarılaraq satılıb. Həyat yoldaşım bilirdi ki, bank evi 23 min manata alıb”.

Onun sözlərinə görə, həyat yoldaşı vəfat edəndən sonra onlar evi yenidən geri almaq qərarına gəliblər:

Üç ildir ki, həyat yoldaşım vəfat edib. Bank bizi çox get-gələ saldı. Problemli kreditlər üzrə rəhbərlikdən dedilər ki, ev iki aylığa boşaldın. Söz veririk ki, daha sonra evi ən aşağı məbləğə 19 min manata sizə satacağıq. Mən də uşaqları birtəhər razı saldım, evdən çıxdıq. İki ildir ki, bizi evdən çıxarıblar. Evə gözətçi qoyublar, boşdur. İndi övladlarımın hərəsi bir tərəfdə kirayədə yaşayırlar”.

Sosial vəziyyəti aşağı olan vətəndaş bankın ona təklif etdiyi şərtlətlə evini geri ala bilmir:

Bankdan təklif edirlər ki, evi sizin özünüzə sataq. Deyirlər ki, 5 min manat ilkin ödəniş edin. Sonra da 35 min manatlıq uzunmüddətli kredit açağacıq. Yavaş-yavaş ödəyin. İlkin ödənişimiz yoxdur, 5 min manatı haradan alaq? 60 yaşım var, işləmirəm. Sosial yardım, yaxud da pensiya almıram. Uşaqlarım öz ailələrini dolandıra bilmirlər. Hazırda kiçik oğlum Mingəçevirdə kirayə qalır. Mən isə digər övladımla birgə Xaldanda ata ocağımda müvəqqəti məskunlaşmışıq. Ev qardaşımındır, o, hazırda Rusiyadadır. Evi bizə müvəqqəti yaşamaq üçün verib”.

“Unibank”dan Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, bankın daxili siyasətinə uyğun olaraq, bu kimi hallarda bankın balansında olan əmlak güzəştli şərtlərlə ilkin olaraq borcalanlara təklif edilir.

“Borcalanlar tərəfindən güzəştli şərtlərlə əmlakın alınmasına razılıq bildirilmədikdə, əmlak üçüncü şəxslərə özgəninkiləşdirilir. Bu müştəri ilə bağlı da eyni siyasət həyata keçirilib. Məhkəmə qətnaməsi əsasında bankın əmlakına verilən ev, mərhum müştərinin ailə üzvlərinə mümkün ən güzəştli şərtlərlə, faizsiz olaraq və minimal ilkin ödənişlə təklif olunub”, – bankın açıqlamasında deyilir.

Ramil Qasımzadə

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Meydan TV-yə deyir ki, Azərbaycanda banklar pul götürmək üçün müraciət edən vətəndaşların daşınmaz əmlaklarını olduqca aşağı qiymətləndirirlər:

“Kredit razılaşması imzalanan zaman vətəndaşla bank arasında girov qoyulan daşınmaz əmlakın qiymətləndirilməsi aparılır. Bankın öz işçisi tərəfindən qiymətləndirmə aparılır. Məsələn, evin real qiyməti 300 min manatdırsa, bank qiymətləndirmə edib, 100 min manat qiymət qoyur. Evin dəyərinin bəlkə də yarıdan artıq az göstərirlər. Bunu da məqsədli şəkildə edirlər. Gələcəkdə vətəndaş bank kreditini qaytara bilmədiyi təqdirdə, evi ondan məhkəmə qərarı ilə alıb, dərhal sata bilsinlər”.

Əgər məhkəməyə müraciət olunubsa, hərraca göndərilməzdən əvvəl vətəndaş məhkəməyə müraciət edib, evin təkrar qiymətləndirməsi tələbini qoya bilər. Evin əsl qiyməti nədirsə, onunla hərraca göndərilir. Satılandan sonra yerdə qalan pul vətəndaşa qaytarılmalıdır. Məhkəmələr, peşəkar hakimlər bankın öz qiymətləndirməsinə deyil, çox vaxt müstəqil qiymətləndiriciyə müraciət edib, evin real dəyərini müəyyən edirlər”,-deyə o bildirib.

Ana səhifəTövsiyəYevlax sakini: “”Unibank” evimizi əlimizdən aldı, indi də bizə baha satır”