close

Ötən il Azərbaycanda 36 min 811 cinayət qeydə alınıb

Kamran Əliyev. Foto: Baş Prokurorluq

Kamran Əliyev: “Əvvəlki illə müqayisədə 2023-cü ildə baş vermiş xüsusilə ağır cinayətlərin faiz göstəricisi dəyişməyib”

2023-cü ildə Azərbaycanda 36 min 811 cinayət qeydə alınıb. Bu cinayətlərdən 87,8 faizinin üstü açılıb. Bu barədə Baş prokuror Kamran Əliyev yanvarın 26-da Baş Prokurorluqda keçirilən kollegiya iclasında çıxış edərkən məlumat verib.

O bildirib ki, əvvəlki illə müqayisədə 2023-cü ildə baş vermiş xüsusilə ağır cinayətlərin faiz göstəricisi dəyişməyib. Ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb. Amma böyük ictimai təhlükə törətməyən cinayətlər artıb.

Kamran Əliyev çıxışında cinayətlər nəticəsində vurulmuş ziyanların ödənilməsi barədə də danışıb. Baş prokuror deyib ki, ötən il 76 milyon 223 min 179 manat ziyan ödənilib. 44,5 milyona yaxın dəyərdə əmlakın üzərinə həbs qoyulub.

Elə cinayətlər var ki, həmin işlərdə həm zərərçəkmişə dəymiş ziyanla yanaşı, dövlət nəfinə də müəyyən qədər vəsait ödəniləndə şəxs cinayət məsuliyyətindən azad olunur, cinayət işi üzrə icraata xitam verilir. Baş prokuror əlavə edib ki, 2023-cü ildə dövlət büdcəsinə belə ödəmələr nəticəsində 7 milyon 491 min 995 manat əlavə vəsait ödənilib.

Baş Prokurorluq, kollegiya iclası. Foto: Baş Prokurorluq

Kamran Əliyev çıxışında mina və hərbi sursat partlayışlarıyla bağlı statistikanı da açıqlayıb. O bildirib ki, 2023-cü ildə 58 nəfər belə partlayışların qurbanı olub. Onlardan 19 nəfər həlak olub, 39 nəfər isə yaralanıb.

2020-ci ilin noyabrından indiyə qədər ümumilikdə 342 nəfər mina və hərbi sursat partlayışlarının qurbanı olub. Nəticədə onların 65-i həlak olub, 277 nəfər isə xəsarət alıb.

Kamran Əliyev çıxışında prokurorluq əməkdaşlarının fəaliyyətilə bağlı vəziyyətə də toxunub. Deyib ki, 2023-cü ildə 30 nəfər prokurorluq işçisi və 8 dövlət qulluqçusu haqqında intizam tənbeh tədbiri görülüb. Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər isə ümumiyyətlə, prokurorluq orqanlarından xaric edilib.

Ötən il 57 nəfər prokurorluğa işə qəbul olunub.

Ana səhifəSosialÖtən il Azərbaycanda 36 min 811 cinayət qeydə alınıb