close

Ötən ilin ÜDM göstəriciləri: Ölkə iqtisadiyyatı yerində sayıb

Ümumi Daxili Məhsul. Foto: AlexLMX/shutterstock

İqtisadçılar hesab edir ki, 0,8 faiz Azərbaycanda qeydə alınan ən aşağı ÜDM artımıdır

2023-cü il Azərbaycan iqtisadiyyatı bahalaşma və ÜDM-də artımın olmaması, yaxud cüzi olması ilə yadda qaldı.

ÜDM-nin artım göstəricisi dünyada ölkələrin iqtisadiyyatındakı vəziyyəti qiymətləndirmək üçün ən vacib indiqator sayılır.

İqtisadçı Rövşən Ağayev deyir ki, ilin sonunda iqtisadi mövzuda ən çox müzakirə edilən məsələ ölkədə iqtisadi durğunluğun yaşanması olub.

“Söhbət illik artımın 1 faizin altında qalmasından gedir (11 ayın yekunları 0,8 faiz göstərdi). Əhalini hər nəfərinə düşən göstəriciyə görə hətta artımın 0,5 faiz olduğu görünür”.

Azərbaycan Mərkəzi Bankı dekabrın 30-da açıqladı ki, 2024-cü il üçün 3-3,5 faizlik, o cümlədən qeyri-neft sektoru üzrə 5-5,5 faiz iqtisadi böyümə proqnozlaşdırır. Bu, nə qədər realdır?

Rövşən Ağayev deyir ki, hökumət 2024-cü il üçün iqtisadi artımın 2,4 faiz (BVF 2,6%), qeyri-neft sektorunun 4,6 faiz böyüyəcəyini deyir. Onun sözlərinə görə, Mərkəzi Bankın proqnozunun reallaşması üçün neft-qaz sektorunda azalmanın tam dayanması (hətta artım olmasa belə), qeyri-neft sektorunda artımın 6 faizdən aşağı olmaması lazımdır:

“Halbuki bu il Azərbaycan hökuməti neft-qaz seqmentində 1,8%-lik azalma gözləyir. Bu, baş verərsə, Mərkəzi Bankın qeyri-neft sektoru üzrə 5,5%-lik artım proqnozu reallaşsa belə, ümümi artım ən yaxşı halda 2% ətrafında olacaq. Yəni Bankın 3,5%-lik gözləntisi bu rəqəmlərin fonunda xeyli optimist görünür”.

Rövşən Ağayev
Mənbə: Meydan TV

İqtisadçı xatırladır ki, 2023-cü ildə qeyri-neft sektorunun 3,2%-lik artımı, neft sektorunun 1,6%-lik azalması şəraitində iqtisadi artım cəmi 0,8% təşkil edib. Hər 2 sektorun iqtisadiyyatda payı təxminən eyni olduğu üçün artıma (azalmaya) statistik olaraq təsiri eyni səviyyədə baş verir:

“Sadə desək, biri 3,2% artırsa, ümumi artıma töhfəsi 1,6% olur. Digəri 1,6% kiçilirsə, ümumi iqtisadi tempi 0,8% zəiflədir”.

İqtisadi analizlər aparan, iqtisadiyyatla bağlı paylaşımlar edən “Çəpəki” “Telegram” kanalı da yazır ki, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda ÜDM artımı cəmi 0.8 faiz olub. Adambaşına düşən ÜDM məbləğindəki artım isə daha aşağı – 0.2 faizdir. Bu, o deməkdir ki, 2023-cü ildə ölkə iqtisadiyyatı faktiki olaraq yerində sayıb:

2020-ci ildəki ÜDM azalmasını (pandemiyaya görə) nəzərə almasaq, bu, 2017-ci ildən bəri Azərbaycanda qeydə alınan ən aşağı ÜDM artımıdır”.

Səbəblərə gəlincə, “Çəpəki” yazır ki, aşağı artım tempinin iki əsas səbəbi var. Bunlardan biri ölkədə neft hasilatının azalmasıdır.

Digər tərəfdən, ölkədə qeyri-neft sektorunun artım tempi də xeyli aşağı düşüb.

“Məsələn, 2022-ci ilin ilk 11 ayında ölkədə qeyri-neft ÜDM 9.2% artmışdı. Bu il eyni göstərici 3.2% olub. Yəni, neft hasilatının azaldığı şəraitdə qeyri-neft sektorundakı böyümənin də aşağı düşməsi sonda aşağı artım tempinə səbəb oldu. İqtisadi vəziyyəti qiymətləndirmək baxımından digər vacib göstərici olan inflyasiya sarıdan da durum ürəkaçan deyil. Düzdür, təxminən 22 aydan sonra inflyasiya birrəqəmli həddə endi, amma indiki inflyasiya göstəricisi (9.4%) də, inflyasiya ilə bağlı hədəf diapazonunun (2-6%) yuxarı həddindən 50%-dən çox yüksək olaraq qalır”.

qey
Qeyri-neft sektoru. Foto: arxiv

Məlumatda bildirilir ki, iqtisadi vəziyyəti qiymətləndirmək baxımından bir vacib rəqəm də işsizlik göstəricisidir. Lakin Azərbaycanda bu göstərici əmək bazarındakı real durumu əks etdirmədiyindən ona əsaslanıb nəsə demək mümkün deyil:

“2024-cü illə bağlı isə bir çox beynəlxalq təşkilatların neft qiymətləri ilə bağlı proqnozları (80-90 dollar ətrafı) onu deməyə əsas verir ki, bu il fors-major bir hal baş verməsə, enerji qiymətləri hesabına hökumətin büdcə öhdəliklərinin icrasında problem yaranmayacaq. Amma yüksək artım tempi üçün artıq sadəcə neft qiymətləri bəs deyil”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycan iqtisadiyyatı 0.5 faiz böyüyüb. Yəni, 1 faizə çatmayıb. 2023-cü il başlayarkən hökumət il ərzində ölkə iqtisadiyyatının 2.7 faiz böyüyəcəyini proqnozlaşdırmışdı. Sonda ÜDM-in indiki artım göstəricisi hökumətin ilin əvvəlindəki proqnozundan təxminən beş dəfə aşağı oldu.

Ana səhifəİqtisadiyyatÖtən ilin ÜDM göstəriciləri: Ölkə iqtisadiyyatı yerində sayıb