close

Özünü yandıran Qarabağ qazisi 5 gündən sonra həyatını itirib

Əsgər. Foto: Meydan TV

Yanıq Mərkəzi Elvin Alıyevin bədəninin 70 faizinin yandığını deyir

Bir neçə gün öncə Ağstafada özünü yandıran Qarabağ müharibəsi əlili Elvin Alıyev hadisədən 5 gün sonra vəfat edib. 32 yaşlı Elvin Alıyev iyunun 23-də Bakıda müalicə aldığı Yanıq Mərkəzində ölüb.

Qarabağ qazisi iyunun 18-də özünə qəsd edəndən dərhal sonra Ağstafadakı Mərkəzi Xəstəxanaya çatdırılıb. Orada ilkin tibbi yardımdan sonra Bakıya – Yanıq Mərkəzinə köçürülüb.

Mərkəzdən Meydan TV-yə bildirilib ki, Elvin Alıyev ora gətiriləndə vəziyyəti ağır idi:

“Bədəninin 70 faizindən çoxu yanmışdı. Vəziyyəti çox ağır idi. Onun həyatını xilas etmək üçün lazım olan bütün tədbirlər görüldü. Lakin mümkün olmadı…”.

Elvin Alıyev 2020-ci ildə 44 günlük müharibə zamanı ağır kəllə-beyin travması alaraq, sağlamlığını itirib, ona III qrup əlillik təyin edilib.

2021-ci ilin noyabrında mediada Elvin Alıyevin Ağstafada polislər tərəfindən döyülməsi barədə şikayəti yayılmışdı. Anası Şövkət Alıyeva bildirmişdi ki, oğlunu Ağstafa rayon Polis Şöbəsinin 3-4 əməkdaşı döyüb. Nəticədə o, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi isə polislərin Qarabağ qazisini döyməsi barədə deyilənləri təkzib etmişdi. Nazirliyin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumatda iddia olunurdu ki, polislər şöbədə araşdırılan işlə əlaqədar Ağstafa sakinini gətirməyə gedəndə qonşuluqda Elvin Alıyev onlara mane olub:

“Polis əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməyə mane olub, nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub”.

Ana səhifəBölgəÖzünü yandıran Qarabağ qazisi 5 gündən sonra həyatını itirib