close

Paşinyan Azərbaycanın hərbi zorakılıq niyyətində olduğunu deyir

İlham Əliyev və Nikol Paşinyan. Foto: Meydan TV

Görünür, Azərbaycan sabitliyin təmin olunmasında maraqlı deyil”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ölkəsinə qarşı hərbi zorakılıq siyasəti yürütmək niyyətində olduğunu iddia edib.

Bu barədə Nikol Paşinyan fevralın 15-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın niyyətləri dəyişməz olaraq qalır və Ermənistana qarşı hərbi zorakılıq siyasəti yürütmək istəyir:

Görünən odur ki, Azərbaycan sərhədlərin sabitliyinin və təhlükəsizliyinin təmin olunmasında maraqlı deyil”.

“Məsələn, hələ 2022-ci ildə razılıq əldə olunub ki, sərhəd təhlükəsizliyi məsələləri də sərhədlərin demarkasiyası məsələləri üzrə komissiyaların mandatına daxil edilsin. Əldə olunan razılaşmalara əsasən, Ermənistan arasında dövlət sərhədinin demarkasiyası və təhlükəsizliyi üzrə komissiya yaradıb. Azərbaycan isə razılaşmalara zidd olaraq yaratdığı komissiyanı təhlükəsizlik komponentindən kənarda dövlət sərhədinin demarkasiyası üçün dövlət komissiyası adlandırıb”, – deyə Baş nazir bildirib.

Paşinyanın fikrincə, bu və bir sıra digər hallar belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan “mənə istədiyimi danışıq yolu ilə ver, əks halda hərbi yolla əldə edəcəyəm” siyasətini davam etdirir.

Azərbaycanın Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində sərhədlərin demarkasiyası məsələsinə toxunmuşdu.

İlham Əliyev demişdi ki, Ermənistan 1970-ci illərin xəritələrini əsas götürmək istəyir:

Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik”.

“Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik. Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”, – deyə o qeyd etmişdi.

Sülh müqaviləsinə gəlincə, ölkə başçısı fevralın 14-də andiçmə mərasimində deyib ki, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq:

Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətPaşinyan Azərbaycanın hərbi zorakılıq niyyətində olduğunu deyir