close

Paşinyan: “Azərbaycanla dəmiryolu əlaqəsini bərpa etməyə hazırıq”

İlham Əliyev və Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir sülh sazişi ilə bağlı da çağırış edib

Yerevanın Azərbaycan və Ermənistan arasında dəmiryolu əlaqəsini bərpa etməyə hazır olduğu bildirilir.

Bu barədə dekabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə danışıb.

Paşinyan qeyd edib ki, bu xətt üzrə iki marşrut var: Azərbaycanın Qazax rayonunu Ermənistanın Tavuş rayonu ilə birləşdirən şimal marşrutu, ikincisi də Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən cənub marşrutu.

Hesab edirik ki, Azərbaycanın qərb rayonları həm də şimal marşrutu ilə Naxçıvan Muxtar Respublikası və xarici dünya ilə əlaqə saxlaya bilər”, – Paşinyan belə deyib.

Baş nazir Ermənistanın rəsmi şəkildə buna hazır olduğunu bildirib.

Nikol Paşinyan onu da deyib ki, Ermənistan-Türkiyə dəmir yolunun açılması, eləcə də mövcud iki Ermənistan-Türkiyə magistralının yenidən qurulması və açılması üçün eyni istək nümayiş etdirir.

Baş nazir dekabrın 13-də əsirlərin mübadiləsini Yerevanla Bakı arasında münasibətlərdə “sıfır nöqtə” hesab oluna biləcəyini vurğulayıb:

Bundan sonra biz heç olmasa cəhd edə bilərik ki, bütün sonrakı xəbərlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ehtimalını artırsın“.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibəsində bildirib ki, məntiqlə sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmür:

Biz bəyan edirik ki, bunu imzalamalıyıq. Onlar da deyirlər ki, bu saziş imzalanmalıdır. Lakin biz buna nail olmalıyıq. Bizim təklifimiz ictimaiyyətə açıqlandı. Beş məşhur prinsipi biz ictimaiyyətə açıqladıq. İstənilən mühüm beynəlxalq tərəfin də etirazı yoxdur, çünki bütün həmin prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir. Ermənistan, sadəcə, onlara əməl etməlidir. Onlar ərazi bütövlüyümüzü sual altına qoymaq və ərazimizdə separatçılığa rəvac vermək kimi bütün cəhdlərinə son qoymalıdırlar, çünki Qarabağ Azərbaycanın hissəsidir və bu, hamı, o cümlədən Ermənistanın özü tərəfindən etiraf edilir”.

Dekabrın 6-da İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda demişdi ki, Zəngilandan keçəcək dəmir yolunun Ermənistan ərazisindən davam etdirmək planları var idi:

Lakin Ermənistan bundan imtina etdi. Beləliklə, biz İran tərəfi ilə razılaşdıq və biz artıq maşınlar üçün körpü, sonra qatarların Ermənistandan yan keçməsi üçün və Araz çayının cənub sahilində təxminən 50 kilometr dəmir yolu çəkilməsi üçün körpü inşa edirik. Bu yol Naxçıvandan keçir və sonradan Türkiyə dəmir yolu sisteminə qoşulur. Türkiyə tərəfi bizə Qars-Naxçıvan dəmir yolunun da tikintisinin planlaşdırıldığını bildirdi. Beləliklə, bu, Orta Dəhlizin daha bir qolu olacaq – biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək”.

Bu, fiziki imkanları artırır, lakin, eyni zamanda, biz bu yolu kommersiya baxımından daha cəlbedici etməliyik. Bunun üçün biz artıq Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında çox səmərəli əməkdaşlıq formatı yaratmışıq”, – Əliyev vurğulayıb.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Ana səhifəSiyasətPaşinyan: “Azərbaycanla dəmiryolu əlaqəsini bərpa etməyə hazırıq”