close

Xalq artisti vəfat edib

Ramiz Məlik. Foto: Azərtac

O, xərçəng xəstəliyindən əziyyət çəkirmiş

Teatr və kino aktyoru, Xalq artisti Ramiz Məlik dekabrın 14-də vəfat edib.

Bu barədə Akademik Milli Dram Teatrın mətbuat xidmətindən bildirilib.

80 yaşlı aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Məlikin vəfatı ilə bağlı nekroloq yayıb.

Akademik Milli Dram Teatrından bildirilib ki, aktyorla vida mərasimi bu gün, dekabrın 15-də Heydər məscidində keçiriləcək.

Vida mərasimindən sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda doğulub.

Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib (1967).

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.

Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin “Yastı təpə” (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın “Yad adam” (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının “Şərqin şəhəri” (Bəhruz), Əlibala Hacızadənin “İnanmırsansa…”(Adil) , Nəriman Həsənzadənin “Kimin sualı var?” (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

1982-ci ildə Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarını alıb.

Ana səhifəMədəniyyətXalq artisti vəfat edib