close

Paşinyan: “Azərbaycanla sərhəddə baş verənlər araşdırılmalıdır”

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir baş verənlərə görə Azərbaycanı günahlandırır

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, martın 30-dan etibarən Teğ (Dığ) kəndində yaranmış vəziyyət ətraflı araşdırmalıdır.

Baş nazir aprelin 13-də hökumətin iclasında bu barədə danışıb.

“Düşünürəm ki, vəziyyətin hərtərəfli öyrənilməsi, o cümlədən ilk gündən dövlət sərhədinin sözügedən hissəsinin mühafizəsi istiqamətində fəaliyyətlərimizin qiymətləndirilməsi vacibdir”, – deyə Paşinyan söyləyib.

Paşinyan martın 30-da baş verənlərin Azərbaycanın təxribatı olduğunu da vurğulayıb:

“Eyni zamanda qeyd etməliyəm ki, Azərbaycanın bu sahədəki hərəkətləri təxribat xarakterlidir. Bu, 2022-ci il oktyabrın 6-da Praqada və 31 oktyabr 2022-ci ildə Soçidə keçirilən görüşlərdə verilən bəyanatlara ziddir”.

“Sərhəddəki vəziyyətin siyasi qiymətləndirilməsi baxımından 1991-ci il sərhədini vurğulayan Avropa Biriyinin aprelin 12-də yaydığı açıqlamanın əhəmiyyətli olduğunu düşünürəm. Söhbət 1991-ci il dekabrın 21-də Almatı bəyannaməsinə uyğun olaraq dövlət sərhədinə çevrilən Ermənistan SSR ilə Azərbaycan SSR arasında inzibati sərhəddən gedir. Avropa Birliyinin bəyanatında deyilir ki, bu sərhədə hörmət edilməlidir. Həmçinin vəziyyətin sabitliyinin etibarlı təminatı kimi hər iki tərəfin silahlı qüvvələrinin sərhəddən təhlükəsiz məsafəyə çıxarılması qeyd olunub. Ermənistan 1991-ci ildə Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca belə bir tədbir görməyə hazırdır. Biz 2021-ci ildən bu hissəyə hazır olduğumuzu bildiririk və belə bir hərəkət Praqa və Soçidə üçtərəfli razılaşmaların məntiqindən irəli gəlir”, – deyə Baş nazir əlavə edib.

Paşinyan deyib ki, Azərbaycanın destruktiv yanaşması belə bir qərara mane olur:

“Azərbaycan beynəlxalq platformalarda əldə edilmiş razılaşmaların yerinə yetirilməməsi praktikasını sistemli şəkildə nümayiş etdirir. Bu, 2022-ci il oktyabrın 31-də Soçidə yazılı şəkildə razılaşdırılan məhbusların azad edilməsi, atəşkəs rejiminə riayət olunması və güc tətbiq edilməməsidir. O cümlədən, Laçın dəhlizinin qanunsuz blokadası davam edir. Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarının yerinə yetirilmədiyi təqdirdə müəyyən beynəlxalq mexanizmlər var. Bizim səylərimiz bu mexanizmlərin işə salınmasına yönəlməlidir”.

“Bütün çətinliklərə baxmayaraq, biz bütün regional məsələlərin, Dağlıq Qarabağ münaqişəsinin və Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar yolu ilə həlli siyasətinə sadiq qalmaqda davam edirik. Həmçinin əvvəllər səsləndirdiyimiz prinsiplər əsasında regional iqtisadi və nəqliyyat əlaqələri açmağa hazırıq. Biz Praqa və Soçidəki razılaşmalar əsasında sərhədlərin delimitasiyasına hazırıq”, – deyə Baş nazir vurğulayıb.

Azərbaycanın dövlət başçısı İlham Əliyv aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən deyib ki, aprelin 11-də pozulmuş atəşkəs Ermənistanın məqsədyönlü təxribatdır.

Aprelin 11-də Ermənistanla Azərbaycan silahlı qüvvələri arasında atəşkəsin pozulması nəticəsində tərəflər itki verib.

Azərbaycan ordusunun 3, Ermənsitan silahlı qüvvələrinin isə 4 hərbçisi həlak olub.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətPaşinyan: “Azərbaycanla sərhəddə baş verənlər araşdırılmalıdır”