close

Moskva Bakı və Yerevanı təmkinli davranmağa çağırıb

Ermənistan, Rusiya və Azərbaycan. Foto: Borka Kiss/shutterstock

“Üçtərəfli sazişlərə ciddi əməl edilməlidir”

Rusiya Xarici İşlər Nazirliyi (XİN) aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentə münasibət bildirib.

Rusiya XİN-in rəsmisi Mariya Zaxarova aprelin 12-də keçirdiyi brifinqdə deyib ki, Moskva Ermənistanla Azərbaycan sərhədində baş verən atışmadan sonra dərhal deeskalasiya tədbirləri görüb:

“Təəssüflər olsun ki, ölən və yaralananlar var. Ərazidə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin silahlı qüvvələrinin və sərhəd xidmətinin nümayəndələri dərhal Ermənistan və Azərbaycandakı məsul şəxslərlə əlaqə saxlayıb və deeskalasiya tədbirləri görüblər”.

M.Zaxarova əlavə edib ki, insident bir daha Bakı və Yerevanın qarşılıqlı təmkin nümayiş etdirməsi, habelə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasındakı üçtərəfli sazişlərə ciddi əməl edilməsinin zəruriliyini təsdiqləyir .

Mariya Zaxarova
Foto: Lenta.ru

M.Zaxarova onu da əlavə edib ki, Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib.

Ancaq M.Zaxarova danışıqların növbəti raundunun tarixini açıqlamayıb.

“Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azalmayıb. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər. Konkret tədbirlərin tarixi barədə yekun razılıq əldə olunandan sonra məlumat verəcəyik”, – XİN sözçüsü belə deyib.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən deyib ki, hadisə Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır.

Buyar Osmani isə keçirdiyi brifiqinqdə bildirib ki, sərhəddə baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər.

O qeyd edib ki, Azərbaycana gələn kimi hadisə ilə bağlı dərhal ona məlumat verilib:

“Həlak olanlarla bağlı başsağlığımı çatdırdım. Təəssüf ki, belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər”.

Brifinqdə çıxış edən Azırbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana danışıqlar masasına qayıtmağı təklif edib.

Onun sözlərinə görə, 2022-ci ilin dekabrında Bakı və Yerevan arasında əlaqələr kəsilib:

“Ermənistan birbaşa danışıqlarda iştirak etmək əvəzinə hərbi təxribatlara əl atır. Yerevan Qarabağ ermənilərinin reinteqrasiyası prosesinə müdaxilə edir”.

Foto: president.az

C.Bayramov Ermənistanı azad edilmiş Laçın rayonunun Azərbaycana qaytarılması prosesini pozmaq cəhdində ittiham edib.

O, Yerevanı bu cür addımlardan çəkinməyə çağırıb: “Ermənistan belə məsuliyyətsiz və təhlükəli addımlardan çəkinməlidir, çünki bunun nəticələri, dünən də olduğu kimi, çox ciddi olacaq”.

Ermənistan Xarici İşlər Nazirliyi də gərginliklə bağlı bəyanat yayıb.

Rəsmi Yerevan Azərbaycan təcavüzkarlıqda ittiham edib və hadisəni Ermənistanın ərazi bütövlüyünə növbəti qəsd kimi qiymətləndirib:

“Azərbaycanın bu siyasəti yeni deyil, 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrında Ermənistana edilən hücumların davamıdır. Güc tətbiqi və güc tətbiqi hədəsi Azərbaycanın siyasətinin tərkib hissəsidir və regionda vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirməyə və vasitəçi tərəfdaşların sülh danışıqlarını davam etdirmək səylərinə zərbə vurmağa yönəlib”.

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”

“Biz beynəlxalq ictimaiyyəti və regionda sülh və sabitlikdə maraqlı olan bütün tərəfdaşları məqsədyönlü bəyanatlar və aydın addımlarla Azərbaycanın təcavüzkar hərəkətlərini pisləməyə və sonuncu tərəfindən vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırırıq”,- deyə qeyd edib.

Aprelin 11-də Ermənistanla Azərbaycan silahlı qüvvələri arasında atəşkəsin pozulması nəticəsində tərəflər itkiyə məruz qalıb.

Azərbaycan ordusunun 3, Ermənsitan silahlı qüvvələrinin isə 4 hərbçisi həlak olub.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətMoskva Bakı və Yerevanı təmkinli davranmağa çağırıb