close

Paşinyan: “Bakının sülhlə bağlı üç prinsipə necə yanaşacağı bəlli deyil”

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir indiki halda ermənilərin Qarabağa qayıdacağına da inanmır

Azərbaycanın Ermənistanın təklif etdiyi üç prinsip üzrə sülh müqaviləsi imzalamağa razı olub-olmaması hələ də bəlli deyil.

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların video suallarını cavablandırarkən belə deyib.

O bildirib ki, bu üç prinsip 2023-cü il mayın 14-də və iyulun 15-də keçirilən üçtərəfli görüşlərin (Şarl Mişel, Nikol Paşinyan, İlham Əliyev) nəticələrində öz əksini tapıb.

Prinsiplərdən birincisi, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü (Ermənistanın 29,8, Azərbaycanın isə 86.6 min kvadrat kilometr) tanımasıdır.

İkinci prinsip – sərhədlərin delimitasiyasının siyasi əsası Alma-Ata Bəyannaməsinə söykənməlidir.

Delimitasiya üçün isə SSRİ Baş Qərargahının 1974-1990-cı illərə aid xəritələrindən istifadə edilməlidir. Çünki Ermənistan Respublikası SSRİ ərazisində yaradılıb.

Üçüncü prinsip ondan ibarətdir ki, iki ölkə arasında kommunikasiyalar qarşılıqlı və bərabərlik prinsipi əsasında ölkələrin yurisdiksiyasına və suverenliyinə hörmətlə açılmalıdır.

Paşinyan rəsmi Bakının hər üç prinsiplə razılaşaraq sülh müqaviləsi imzalayacağına əmin deyil:

“Biz əminliklə deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə əsaslanan sülh müqaviləsini imzalamaqdan imtina edir. Amma biz onu da deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə sadiqliyini təsdiqləyir. Danışıqlar zamanı bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var”.

Paşinyan hesab edir ki, noyabrın 30-da delimitasiya üzrə iki komissiyanın görüşündən sonra nəticə çıxarmaq olar:

“Biz bu müzakirələrdən nəticə çıxaracağıq. Başqa danışıqlar olarsa, Azərbaycanın bu prinsiplər əsasında müzakirələrə hazır olması və ya bu prinsiplərdən imtina etməsi ilə bağlı onlardan nəticə gözləyəcəyik. Faktlar ondan ibarətdir ki, bizdə hələ də belə bir inam yoxdur. Baxmayaraq ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığına dair bəyanat verib. Amma burada onların Ermənistanın ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır. Bu məsələlərin aydınlaşdırılması qarşıdakı danışıqlar proseslərinin əsas prioritetləridir”.

Bundan başqa, Paşinyan ermənilərin Qarabağa qayıtması məsələsinə də toxunub.

O hesab edir ki, hazırkı mərhələdə ermənilərin Qarabağa qayıtması real deyil.

Baş nazir qeyd edib ki, Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi əməliyyatdan sonra bu, real görünmür:

“19 sentyabrdan sonra erməniləri Dağlıq Qarabağı tərk etməyə məcbur edən vəziyyət, eləcə də etnik təmizləmə siyasəti dəyişməyib. Bu gün həmin insanların qayıdışı real olsaydı, onlar Dağlıq Qarabağı tərk etməzdilər. Əgər Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin öz evlərinə qayıtmaq imkanı yoxdursa, biz onların Ermənistanda qalmaları və ölkəmizdən mühacirət etməmələri üçün hər şeyi edəcəyik”.

O, Ermənistandan Qarabağ ermənilərinin böyük axınının müşahidə olunmamasından məmnunluğunu bildirib.

Baş nazir tezliklə bütün qarabağlıların Ermənistan vətəndaşlığı alacağına ümid edir.

Bakı ilə Yerevan arasında nə baş verib?

Yerevan və Bakı noyabrın 30-da iki ölkə sərhədində Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların görüşünün keçiriləcəyini təsdiq ediblər.

Görüşün konkret olaraq harada keçiriləcəyi açıqlanmayıb.

İki ölkə nümayəndələrinin əvvəlki görüşləri daha çox Qazax-İcevan sərhədində keçirilib.

2023-cü il iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilib.

Görüşdə tərəflər arasında ölkələrin suverenliyi və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, iki ölkə arasında nəqliyyat əlaqələrinin açılması, Qarabağdakı erməni əhalisinin vəziyyəti, hüquq və təhlükəsizliyi, Laçın dəhlizi ətrafında vəziyyət, təsadüfən sərhədi keçən əsgərlərin qarşılıqlı azad olunması, minaların təmizlənməsi və itkin düşənlərlə bağlı məsələlər müzakirə olunub.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Ana səhifəSiyasətPaşinyan: “Bakının sülhlə bağlı üç prinsipə necə yanaşacağı bəlli deyil”