close

Elçin Sadıqov haqqında məcburi gətirilmə qərarı çıxarıldı

Elçin Sadıqov və Əvəz Zeynallı. Mənbə: Meydan TV

Əvəz Zeynallı Elçin Sadıqovun ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib

Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Elçin Sadıqov haqqında məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb.

Bu qərar “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” adlı Youtube kanalının idarəedicisi Elnur Şükürovun işi üzrə məhkəmə prosesində verilib.

Bundan öncəki məhkəmə iclasında Əvəz Zeynallının məhkəmə zalından çıxarılması, prosesin onun iştirakı olmadan keçirilməsinə qərar verilmişdi.

Bu səbəbdən noyabrın 24-də məhkəmə iclası onun iştirakı olmadan başlayıb.

Təqsirləndirilən şəxslərdən yalnız Elnur Şükürov məhkəmədə iştirak edib.

Məhkəmə prosesinə sədrlik edən hakim Əli Məmmədov bildirib ki, Əvəz Zeynallı dəfələrlə proses iştirakçılarının, o cümlədən hakimlərin, prokurorun ünvanına xoşagəlməz ifadələr işlədib. Ona dəfələrlə xəbərdarlıq olunsa da, əhəmiyyət verməyib. Bu səbəbdən onunla bağlı belə qərar verilib.

Vəkil Fəxrəddin Mehdiyev vəsatət qaldırıb ki, yenidən Əvəz Zeynallının məhkəmə prosesində iştirakı təmin olunsun. Çünki onun iştirakı olmadan şahidlərin dindirilməsi mümkün deyil.

Digər təqsirləndirilən Elnur Şükürov da Əvəz Zeynallının məhkəmədə iştirakına imkan verilməsini istəyib.

Prokuror deyib ki, Əvəz Zeynallının məhkəmə zalına gətiriləndən sonra yeni eyni şəkildə davranmayacağına əminlik yoxdur.

Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası bu məsələni müzakirə edib, onun məhkəmə iclaslarında iştirakına icazə verilməsi haqda qərar qəbul edib.

Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da “Baku Steel Company” MMC-nin 3 ilə yaxındır həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadan vəkili Elçin Sadıqov vasitəsilə 20 min manat rüşvət almaq ittihamıyla həbs olunub.

Mehriban Məmmədovanın xalası oğlu Sadıq Həsənli noyabrın 24-də məhkəmədə şahid qismində dindirilib:

“Əvəz Zeynallı “Xural” kanalında Rasim Məmmədov haqqında danışırdı. Deyirdi ki, Rasim Məmmədov monopoliya yaradır, quldurluq edir. Bu cür materialların dayandırılması üçün xalam qızı ona pul vermək qərarına gəldi. Bu təklif vəkildən gəlmişdi. O da razılaşdı. Həmin axşam xalam qızı 20 min manat vəkilə göndərdi ki, Əvəz Zeynallıya çatdırsın. Pul veriləndən bir müddət sonra da Əvəz Zeynallı yenə danışdı. Bunu vəkilə dedik…

Sadıq Həsənlinin sözlərinə görə, sonradan Elçin Sadıqov gətirib pulu qaytarıb.

Daha sonra məhkəməyə çağırılan, amma gəlməyən şahidlərin ifadələrinin elan olunması məsələsi müzakirəyə çıxarılıb.

Əvəz Zeynallı və vəkilləri Elçin Sadıqov və Mehriban Məmmədovanın məhkəmədə dindirilməsində israr ediblər.

Onlar bildirib ki, hər iki şahid mütləq gəlib ifadə verməli, sualları cavablandırmalıdır.

Hakim deyib ki, Mehriban Məmmədovanın ölkədə olmadığı, onun yeni il ərəfəsində ölkəyə qayıdacağı barədə məhkəməyə məlumat verilib.

Hakim Mehriban Məmmədovanın istintaqdakı ifadəsini elan etmək istəsə də, Əvəz Zeynallı və vəkilləri razılaşmayıb:

“Özü gələcəksə, ifadəsi niyə elan olunmalıdır?”

Elçin Sadıqova gəlincə, o, oktyabrın 25-də məhkəməyə ərizə göndərib.

Orada göstərib ki, eyni məsələ ilə əlaqədar o, hələ də təqsirləndirilən şəxsdir. Belə olan halda, bu iş üzrə şahid qismində dindirilə bilməz.

O vurğulayıb ki, qanun şəxsə özünə, valideynlərinə, övladına və digər yaxınlarına qarşı ifadə verməmək hüququ tanıyır:

“Mənim təqsirləndirilən şəxs statusum dəyişməyib. Təqsirləndirilən şəxs olduğuma görə şahid qismində dindirilə bilmərəm”.

Elçin Sadıqov əlavə edib ki, istintaq zamanı verdiyi ifadələri təsdiqləyir və onların nəzərə alınmasını istəyir.

O həmçinin özünü təqsirli bilmədiyini də vurğulayıb.

Vəkil Rəşad Əliyev də, Əvəz Zeynallı da bildirib ki, onlar Elçin Sadıqovun təqsirləndirilən şəxs olduğuna görə şahid kimi dindirilməsinin yolverilməz olması fikriylə razılaşırlar.

Onun istintaqdakı ifadəsinin də Əvəz Zeynallıya qarşı sübutlar siyahısından çıxarılmasını istəyirlər. Əgər məhkəmə sübutlar siyahısından çıxarmaq istəmirsə, o zaman özü gəlib ifadə versin:

“Elçin Sadıqov eyni cinayət işi üzrə həm təqsirləndirilən şəxsdir, həm də şahid kimi dindirilir. Şahid yalan ifadə verə bilməz, çünki and içir. Amma təqsirləndirilən şəxsin belə bir öhdəliyi yoxdur. Hüquqi nihilizm yaranır bu işdə”, – vəkil Rəşad Əliyev bildirib.

Əvəz Zeynallı da əlavə edib ki, Elçin Sadıqovun ifadəsi sübutlar siyahısından çıxarılmasa, onun məhkəmədə dindirilməsində israrlıdır:

“Əgər ifadəsini sübutlar siyahısından çıxarırsınızsa, gəlməsin, bizə lazım deyil”.

Hakimlər bu məsələni müzakirə edərək Elçin Sadıqov haqqında məcburi gətirilmə qərarı çıxarıb.

Məhkəmə prosesi dekabrın 8-nə qədər təxirə salınıb.

Elçin Sadıqov istintaqa ifadəsində pulu Mehriban Məmmədovadan alıb, Əvəz Zeynallıya çatdırdığını deyib.

Əvəz Zeynallı isə vəkilin yalan danışdığını bildirir.

Elçin  Sadıqov 2022-ci ilin sentyabrında Əvəz Zeynallı ilə birlikdə həbs olunsa da, bir həftə sonra ev dustaqlığına buraxılıb.

“Xural TV” rəhbəri haqqında cinayət işi məhkəməyə göndəriləndə Elçin Sadıqovun haqqındakı cinayət işi ayrılmışdı.

İstintaqın gedişində Əvəz Zeynallıya Rasim Məmmədovun ailəsindən rüşvət almaqdan əlavə də ittihamlar verilib.

O, müxtəlif şəxslərin tikinti və s. məsələlərlə bağlı işlərini icra hakimiyyətlərində həll etmək üçün onlardan rüşvət almaqda, vəzifəli şəxslərin qərarına qanunsuz təsir göstərməkdə ittiham olunur.

Onunla birlikdə mühakimə olunan Elnur Şükürova da eyni ittihamlar verilib. Lakin heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.

Ana səhifəSosialElçin Sadıqov haqqında məcburi gətirilmə qərarı çıxarıldı