close

Paşinyan çıxış üçün Avropa Parlamentinə dəvət edilib

Nikol Paşinyan. Foto: Meydan TV

O, oktyabrın 18-də  plenar iclasda çıxış edəcək

Oktyabrın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında çıxış edəcəyi bildirilir.

Bu barədə Qranadada Avropa Parlamentinin rəhbəri Roberta Metsola mətbuat konfransında deyib.

Mən Baş nazir Paşinyanı plenar iclasda çıxış etməyə dəvət etdim. O, oktyabrın 18-də – 10 gün sonra çıxış edəcək”.

Oktyabrın 5-də Avropa Parlamenti qəbul etdiyi qətnamədə Azərbaycanın Qarabağdakı fəaliyyəti pislənilib.

Avropalı parlamentarilər Qarabağdan köçən ermənilərlə bağlı hazırkı vəziyyəti “etnik təmizləmə” adlandırıblar.

Deputatlar Avropa İttifaqını Azərbaycana sanksiyalar qoymağa da çağırırlar.

Onlar hesab edirlər ki, Bakı ilə əməkdaşlığa yenidən baxılmalıdır:

“Avropa İttifaqı Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasına və buradakı insanların hüquqlarına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə məqsədyönlü sanksiyalar tətbiq etməlidir”.

Azərbaycan Mili Məclisi Avropa Parlamentini (AP) separatizmə dəstək verməkdə qınayıb və qeyd edib ki, qətnamə BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, həmçinin digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə ziddir.

Baş verən son hadisələr…

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.

Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.

Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.

Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.

Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.

Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.

Ana səhifəDünyaPaşinyan çıxış üçün Avropa Parlamentinə dəvət edilib