close

Paşinyan Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib

N.Paşinyan və V.Putin. Foto: Meydan TV

Ölkə rəhbərlərinin telefonla danışdığı bildirilir

Aprelin 26-da Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Paşinyanın ofisindən verilən məlumata görə, liderlər Laçın dəhlizi və Qarabağdakı humanitar vəziyyəti müzakirə ediblər.

Laçın dəhlizində nə baş verib?

Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.

Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:

Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.

Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın sülh prosesinə mane ola biləcəyini ehtimal edib.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətPaşinyan Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib