close

Paşinyan sülh müqaviləsinin mətninin hazır olmadığını deyir

Ermənistan-Azərbaycan. Foto: Yuriy Boyko_Ukraine/shutterstock

“Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə Yerevan arasında imzalanacaq sülh müqaviləsinin mətninin hazır olmadığını deyib.

Bu barədə Nikol Paşinyan iyulun 6-da hökumətin iclasında danışıb.

Nikol Paşinyan iyulun 21-də Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşünun planlaşdırıldığını xatırladıb.

O təəssüflənib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin mətni hələ hazır deyil.

Baş nazir ümid edir ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda əldə olunan irəliləyişi daha əsaslı hala gətirə biləcəklər:

Bütün məsələlər diplomatik yolla həll edilməlidir”.

Nikol Paşinyan Azərbaycanın ittihamlarına rəğmən Dağlıq Qarabağda Ermənistanın Silahlı Qüvvələrinin olmadığını iddia edib.

O qeyd edib ki, Azərbaycan tərəfindən Ermənistana qarşı əsassız ittihamlar dayanmır:

“Xüsusən də Yerevanın Dağlıq Qarabağda əsgəri olmadığı bir şəraitdə Azərbaycan Ermənistandan erməni birləşmələrinin çıxarılmasını tələb etməkdə davam edir. Bir daha bildirirəm: Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur”.

Baş nazir bildirib ki, Dağlıq Qarabağda Müdafiə Ordusu fəaliyyət göstərir.

O bunun səbəblərini Azərbaycanın Dağlıq Qarabağ ermənilərini soyqırımı və etnik təmizləməyə məruz qoyması ilə əlaqələndirib:

Dağlıq Qarabağ bütün növ malların tədarükü imkanından məhrumdur. Dəhliz tamamilə bağlandığından, hətta Rusiya sülhməramlılarının da çatdırılma imkanı yoxdur. Bir neçə aydır ki, təbii qaz və elektrik enerjisi kəsilib”.

N.Paşinyan və İ.Əliyev. Foto: Meydan TV

Nikol Paşinyan vurğulayıb ki, Azərbaycan hələ də Ermənistan ərazisindən dəhliz tələb edir və regionda kommunikasiyaların açılması üçün heç bir addım atmır:

Azərbaycan hansısa qeyri-müəyyən dəhliz məntiqi irəli sürərək Ermənistanı öz ərazisindən keçən nəqliyyat kommunikasiyaları üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edir. Ermənistan nə yazılı, nə də şifahi olaraq bu cür öhdəlikləri qəbul etməyib və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın belə şərhlərini heç vaxt qəbul etməyəcək”.

İyulun 5-də Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında bu barədə çıxış edib.

O bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olsa da, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur:

 “Əgər Ermənistan, həqiqətən də, regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”.

Əliyev deyib ki, Ermənistan təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəlikləri də yerinə yetimir.

Onun sözlərinə görə, rəsmi Yerevan Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.

Dövlət başçısı onu da qeyd edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan az sonra Azərbaycan Ermənistana suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, həmçinin sülh sazişinin imzalanması üçün 5 əsas prinsipini təqdim edib.

Azərbaycanla Ermənistan arasında nə baş verib?

Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu nəzarətə götürüb.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətPaşinyan sülh müqaviləsinin mətninin hazır olmadığını deyir