close

Paşinyan sülhün baş tutmamasına görə Azərbaycanı günahlandırır

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir sülhün prinsiplərini razılaşdırdıqlarını deyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevan və Bakı arasında sülh müqaviləsinin arxitekturası və prinsiplərinin razılaşdırıldığını deyib.

Amma o əlavə edib ki, 2023-cü ilin sonunda onlar yekun müqavilənin mətni üzrə razılıq əldə etməyə çox yaxın olduqlarını düşünsələr də, Azərbaycan üç dəfə müxtəlif formatlarda danışıqlardan imtina edib.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, bundan  sonra İlham Əliyev Prezident seçkilərini təyin edib:

“İndi biz bu nöqtədəyik və güman edirəm ki, Prezident seçkisindən sonra siyasi iradə olarsa, biz bu məqamların həyata keçirilməsinə nail ola biləcəyik. Ermənistan hökuməti əvvəlki kimi bizim regionda sülhün bərqərar olması və bağlanan sazişlər əsasında Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəyə malikdir”.

Paşinyan qeyd edib ki, ötən ilin iyunun 1-də Kişinyovda Fransa Prezidenti, Almaniya Kansleri, Avropa Şurasının Prezidenti, Azərbaycan Prezidenti və onun iştirakı ilə beştərəfli görüş keçirilib, həmin görüşdə isə razılıq əldə olunub:

Eyni formatda növbəti görüşün 2023-cü ilin payızında Qranadada keçiriləcəyi yazılı şəkildə də dərc olunub. Amma Azərbaycan faktiki olaraq həmin görüşdə iştirakdan imtina etdi və bu kontekstdə növbəti görüşün oktyabrın sonunda Brüsseldə üçtərəfli formatda keçirilməsi razılaşdırıldı. Azərbaycan yenə də bu görüşdə iştirakdan imtina etdi. Buna Dağlıq Qarabağda baş verən hadisələri də əlavə etsək, birincisi, Dağlıq Qarabağa hərbi zərbələr endirildi və faktiki olaraq, etnik təmizləmə nəticəsində Dağlıq Qarabağ tamamilə ermənisizləşdirildi. Ermənistanlı analitiklərin fikrincə, bu o deməkdir ki, Azərbaycan addım-addım geri çəkilir, beynəlxalq platformalarda və aramızda əldə olunan razılaşmalardan imtina edir. Amma Azərbaycan, xüsusən, Soçi və Praqada qəbul edilmiş bəyanatlardan öz imzasını geri götürdüyünü bəyan edənə qədər Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi və istənilən bəyanat əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır və bu məntiqə zidd olan istənilən bəyanat qanunsuzdur”.

Bəyanatlar öz yerində, amma çox vacibdir ki, biz münasibətlərimizin dövlətlərarası xarakterini qeyd edək. Diplomatik münasibətlərimiz olmasa da, imzaladığımız sənədlərə istinad etmək məcburiyyətindəyəm. Biz Azərbaycanla gücdən və güc tətbiq etmək hədəsindən istifadə etməməklə bağlı sənəd imzalamışıq. Bu məntiqlə baxsaq və əgər Azərbaycan imzaladığı sənədlərə hörmət etmirsə və ya hörmət etməməlidirsə, o zaman Azərbaycan istənilən ölkəyə hücum edə bilər, niyə təkcə Ermənistana? Azərbaycanın ətrafına baxın, əgər o, beynəlxalq öhdəliklərini yerinə yetirmirsə, o zaman qonşu dövlətlərdən hər hansı birinə hücum edə bilər”, – deyə Paşinyan əlavə edib.

Rusiyayla münasibətlərə gəlincə, Baş nazir deyib ki, onlar ümumiyyətlə, Moskvayla, xüsusən də təhlükəsizlik sahəsində əməkdaşlığı inkar və ya rədd etdiklərini deməyiblər:

Biz dedik ki, təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndirmək istəyirik. Bu o deməkdirmi ki, biz Rusiya ilə təhlükəsizlik əlaqələrimizi kəsəcəyik? Xeyr, bu o demək deyil, amma  bu o deməkdir ki, biz təhlükəsizlik sahəsində, məsələn, Avropa İttifaqı ilə, Fransa, İran İslam Respublikası, Hindistanla ilə əlaqələr qurmaq üçün hazırlaşır və hazırıq, bununla bağlı müzakirələr aparırıq, bunun üzərində işləyirik. ABŞ, Fransa, Hindistan və ya Avropa İttifaqı ilə təhlükəsizlik əlaqələrimiz, təbii ki, Rusiyaya qarşı deyil. Bunlar sadəcə olaraq keçmişdə mövcud olan təhlükəsizlik əlaqələrinin bizim təhlükəsizlik ehtiyaclarımıza cavab vermədiyini göstərən reallıqlardır”.

Bizim gündəmimizdə NATO ilə bağlı belə bir məsələ yoxdur. NATO-da üzvlük məsələsini müzakirə etməmişik və etmirik. Bizim NATO ilə tərəfdaşlığımız var və bu, yeni xəbər deyil. Əvvəllər bizim NATO ilə Fərdi Tərəfdaşlıq Planımız var idi, lakin indi bu plan üzvlüyü nəzərdə tutmayan fərqli tərəfdaşlıq formatına çevrilir.
Onu da deyim ki, biz bu gün ən azı de-yure Kollektiv Təhlükəsizlik Müqaviləsi üzvüyük və Ermənistanda bloka üzvlük strategiyasının uzunmüddətli perspektivdə Ermənistanın maraqlarına nə dərəcədə uyğun olması ilə bağlı müzakirələr gedir”
, – deyə Paşinyan fikrini yekunlaşdırıb.

Ana səhifəSiyasətPaşinyan sülhün baş tutmamasına görə Azərbaycanı günahlandırır