close

“Sədərək” sahibinin keçmiş xidmətçisi: “Götürmədiyim qızılları boynuma qoydular…”

Məhkəmə. Foto: Meydan TV

“Yusif Qədimbəyli və ailəsinin əlində oyuncaq olan müstəntiq mənim ittihamımı heç bir sübut olmadan ağırlaşdırdı”

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin evindən oğurluqla bağlı bir ildən çox davam edən məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu oğurluqda ittiham olunan Ruzan Cabbarovaya hökm oxunub. Hakim Səbinə Məmmədzadənin sədrliyilə çıxarılan hökmə əsasən, Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (oğurluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirli bilinərək, 11 il azadlıqdan məhrum edilib.

1980-ci il təvəllüdlü Ruzan Cabbarova Qədimbəylilərin evində 5 il xidmətçi işləyib. O, özünü Cinayət Məcəlləsinin 177.4 maddəsilə təqsirli bilmir.

İttihama əsasən, Qədimbəylilərin evindən 803 min manatlıq oğurluq olub. Bunun çox az hissəsi pul, qalanı isə qızıl-zinət əşyaları olub.

Ruzan Cabbarova bildirir ki, daha ağır maddə ilə ittiham vermək üçün qızıl-zinət əşyalarının sayını, dəyərini şişirdiblər. Onun sözlərinə görə, pul oğurlanmadığı halda, ittihamda pul oğurlandığını da yazıblar.

Ruzan Cabbarova məhkəmədə bildirib ki, Qədimbəylilərin evindən oğurluq edib və buna görə özünü günahkar sayır. Oğurladıqlarının da hamısını qaytarıb.

Onun sözlərinə görə, “Sədərək” sahibinin həyat yoldaşı Fəridə Qədimova ifadəsində dəymiş ziyanı 3 dəfə şişirdib, mövcud olmayan, onun oğurlamadığı əşyaları da üzərinə yığıb.

Ruzan Cabbarova məhkəmədə danışıb ki, Yusif Qədimbəylinin evində aylıq 1100 manata xadimə işləyib. Amma rəsmi işçi olmayıb, əmək müqaviləsi olmadan işləyib:

“Mən şeytana uyub, nəfsimə hakim olmadım, Fəridə Qədimovanın evindən bir neçə dəfə telefon, xırda zinət əşyası, saat götürdüm. Sonuncu dəfə 2022-ci ilin mayında Fəridə Qədimovanın seyfdəki siyirmədə olan qızıllarını götürdüm. Evdə heç kim olmayanda bağda bankanın içində basdırdım. İyulun 19-da Səbail Rayon Polis İdarəsinin əməkdaşları həyat yoldaşımı və məni saxladılar. Evimizə gedib uşaqlarımızı çıxardılar, evdə dəfələrlə axtarış apardılar. Həyat yoldaşımı 1 sutka 9-cü polis bölməsində saxladılar. Səbail Rayon Polis İdarəsində mənə təzyiq edirdilər, döyürdülər, ailə üzvlərimi həbs eləməklə hədələyirdilər. Dedim ki, məni aparsınlar evə, qızılı gizlətdiyim yeri göstərim. Əməlimdən peşman idim. Məni evə aparmadılar. Amma bizim evdə olan polislər telefonla görüntülü yığdılar, mən qızılları qoyduğum yeri dedim. Həmin vaxt polislər hamısını çıxarıb evdən qızılları götürüblər. Sonradan məni bir də apardılar, çəkiliş elədilər, guya mənim yanımda çıxarırlar. Polislər evimizdə olan təhlükəsizlik kamerasının yaddaş blokunu da götürüb apardılar. Məqsəd də o idi ki, evdə baş verən qanunsuzluqları ört-basdır eləsinlər”.

Ruzan Cabbarovanın sözlərinə görə, əvvəl ona qarşı Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülmüşdü. Vurulan ziyanın məbləği 50 mindən 500 minə qədər olanda bu maddə ilə ittiham verilir. Bu maddənin sanksiyasında cəza 5 ildən 10 ilə qədərdir. Lakin ziyan 500 min manatdan yuxarı olanda xüsusilə külli miqdar sayılır. Onun cəzası isə 10 ildən 14 ilə qədərdir.

Təqsirləndirilən şəxs deyir ki, ona daha ağır cəza verilməsi üçün Qədimbəylilər ailəsi öz imkanlarından istifadə edib, istintaqa təsir göstəriblər. Nəticədə məbləğ şişirdilib və istintaqın sonunda ona qarşı Cinayət Məcəlləsinin 177.4 maddəsilə ittiham irəli sürülüb:

“Yusif Qədimbəyli və ailəsinin əlində oyuncaq olan müstəntiq mənim ittihamımı heç bir sübut olmadan ağırlaşdırdı. Halbuki, mən nə götürmüşdümsə, qaytarmışdım. Onların dəyəri də ekspert rəyinə görə 300 mindən bir qədər artıq idi. Əgər ittihamda yazdıqları o biri qızılları mən götürmüş olsaydım, həbsdə bir gün artıq qalmamaq üçün verərdim. Ancaq mən onları götürməmişəm. Elədiyim səhvi boynuma alıram, çox peşmanam. Amma cəza da əmələ uyğun olmalıdır. Hazırda imkanlı bir ailə qisas məqsədilə məni məhv edir. O qızılları mənim götürdüyümü sübut eləyən heç bir fakt, dəlil yoxdur. O qızıllar satılsaydı, başqa yerdə saxlanılsaydı, istintaq orqanı bunları tapardı. Mənim 4 övladım var və onlardan biri 11 yaşlı qız uşağıdır. Özüm öd xəstəliyindən əziyyət çəkirəm…”.

Ruzan Cabbarova son sözündə məhkəmədən xahiş edib ki, ona qarşı ittiham Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə tövsif olunsun.

Ruzan Cabbarovanın vəkili Günay İsmayılova da çıxışında bildirib ki, cinayət işinin materiallarında ekspert rəyi var. Həmin rəyə əsasən, Ruzan Cabbarovanın götürdüyü, sonradan qaytardığı əşyaların orta bazar qiymətilə ümumi dəyəri təxminən 317 min manat olub.

“Ən əsası, zərərçəkmiş tərəf çatışmayan malların mövcudluğunu təsdiqləyən heç bir sübut təqdim eləmədi – nə istintaqa, nə də məhkəməyə. Qanun deyir ki, əşya və ya onun dəyərini tələb edən şəxs ilk növbədə həmin əşyalarının mövcudluğunu sübut eləməlidir”, – vəkil bildirib.

“Sədərək” sahibinin həyat yoldaşı Fəridə Qədimova və oğlu Orxan Qədimbəyli zərərçəkmiş qismində tanınıb. Lakin onlar məhkəməyə gəlməyib. Məhkəmədə onların nümayəndəsi və vəkili iştirak edib.

Vəkil Günay İsmayılova isə zərərçəkmişlərin özlərinin gəlib ifadə vermələrini tələb edirdi. Müdafiəçi bildirirdi ki, onların özlərinin ifadələrində kifayət qədər ziddiyyətlər var, bununla əlaqədar zərərçəkmişlərə suallar yaranıb. Həmin suallara cavab verilməli, ziddiyyətlərə aydınlıq gətirilməlidir. Lakin Fəridə Qədimova və oğlu yenə məhkəməyə gəlmirdi.

Məhkəmə prosesinin gedişində Yusif Qədimbəylinin ailə üzvlərinin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıldı. Lakin bu qərar da icra olunmamış qaldı – zərərçəkmişlər məhkəməyə gəlmədilər.

Günay İsmayılova müdafiə çıxışında bunu da vurğulayıb ki, zərərçəkmiş tərəf faktiki məhkəməyə hörmətsizlik etdi. Lakin məhkəmə bununla əlaqədar heç bir tədbir görmədi.

Məhkəmədə prokuror da Ruzan Cabbarovaya 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Ruzan Cabbarova 2022-ci ilin iyunundan həbsdədir.

Ana səhifəSosial“Sədərək” sahibinin keçmiş xidmətçisi: “Götürmədiyim qızılları boynuma qoydular…”