close

Polisə şikayət etdi, özü cinayət məsuliyyətinə cəlb olundu

Nəsimi Rayon Polis İdarəsi. Foto: Azərtac

Yalan məlumat verməkdə şübhəli bilinən şəxsi 5 ilədək həbs gözləyir

İki gün əvvəl polisə şikayət edərək, quldurluğa məruz qaldığını iddia edən şəxsin özü cinayət məsuliyyətinə cəlb olunub. Hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bu barədə verilən məlumata görə, avqustun 25-də Mərhəmət Mehdiyev həm “102” zəng mərkəzinə, həm də Nəsimi rayonu, 19-cu polis bölməsinə müraciət edib. O, şikayətində göstərib ki, “Əbdül”, “Tofiq” və “Taleh” adlı şəxslər tərəfindən avtomobilə mindirilib. Onlar maşında başına beşbarmaqla vurub, 164 manatının və mobil telefonunu zorla əlindən alıblar.

Bu şikayət əsasında Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Mərhəmət Mehdiyev də iş üzrə zərərçəkmiş şəxs qismində dindirilib.

Polis Tofiq Tağıyev və Əbdül Məmmədovu şübhəli şəxs qismində saxlayıb. Onların hər ikisi ifadələrində şikayətçinin dediklərinin yalan olduğunu, ona qarşı heç bir cinayət törətmədiklərini bildiriblər.

Əlavə istintaq hərəkətləri zamanı Mərhəmət Mehdiyev ilkin ifadəsində dediklərinin tam əksinə danışıb. O, həmin şəxslərin ona qarşı heç bir zorakılıq etmədiyini, pulunu və telefonunu əlindən almaqdıqlarını bildirib. Deyib ki, aralarında əvvəllər narazılıq olub, buna görə həmin adamların həbsini istəyib və polisə onlar haqqında yalan məlumat verib.
Bundan sonra Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə başlanan cinayət işi həmin məcəllənin 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə) maddəsinə tövsif olunub.

Tofiq Tağıyev və Əbdül Məmmədov sərbəst buraxılıb. Mərhəmət Mehdiyev isə Cinayət Məcəlləsinun 296.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
Bu maddədə 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Ana səhifəSosialPolisə şikayət etdi, özü cinayət məsuliyyətinə cəlb olundu