close

Peskov Azərbaycanla Ermənistanın sülh müqaviləsini yekunlaşdırmağa hazır olduğunu deyib

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

“Onlar müharibə edən tərəflər deyil…”

Rusiya rəsmiləri Azərbaycan və Ermənistanın sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını bildirir.

Bu barədə dekabrın 26-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin “Birinci Kanal”ına deyib.

“Onlar müharibə edən tərəflər deyil, vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur”, – deyə Peskov “bir-birinə qarşı olan tərəfləri bir yerə toplamaq qorxulu deyilmi” sualına cavabında səsləndirib.

Dmitri Peskov. Foto: Meydan TV

Amma Dmitri Peskov İlham Əliyevlə Nikol Paşinyanın görüşəcəyini istisna edib:

“Hazırda ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırılmır. Amma sammitin kənarında hamı ünsiyyət qura biləcək”.

Bu gün Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə MDB-nin qeyri-rəsmi sammiti keçirilir. 2023-cü ildə ölkə başçıları son hadisələrdən sonra ilk dəfə MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində bir araya gəliblər.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib. Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər arasında indiyə qədər sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətPeskov Azərbaycanla Ermənistanın sülh müqaviləsini yekunlaşdırmağa hazır olduğunu deyib