Kuryer Orxan Zeynalov avqustun 12-də, gecə radələrində polis təqibinə məruz qaldığını deyir. O, “İşçi Masası” Həmkarlar İttifaqının idarə heyətinin üzvüdür. Son bir ayda ittifaqın daha 3 üzvü müxtəlif ittihamlarla həbs edilib. Orxan Zeynalov son bir gün ərzində onu gözləyən həbs təhlükəsindən necə qaçmasından, ac-susuz gizlənməsindən danışır.
Hadisədən bir gün öncə Orxan Zeynalov Xətai Rayon İcra Şöbəsinə çağırılıb. Zeynalovun 2012-ci ilə aid borc məsələsi 11 il sonra gündəmə gətirilib və bu səbəblə də həbs edilə biləcəyi deyilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə mediaya açıqlamasında iddiaları yalanlayıb. Orxan Zeynalov barəsində heç bir əməliyyat planlaşdırılmadığını deyib.
Avqustun 1-də kuryerlərin etiraz aksiyasından sonra “İşçi Masası”na daxil olan bir sıra şəxslər müxtəlif ittihamlarla həbs olunub. Təşkilatın sədri Afiəddin Məmmədov polisin qanuni tələbinə tabe olmamaq ittihamıyla 30 sutkalıq azadlıqdan məhrum edilib. Kuryerlər Elvin Mustafayev və Ayxan İsrafilova qarşı isə narkotik ittihamı irəli sürülüb.