Digər təqsirləndirilən şəxslərdən üçünün 20 il, birinin isə 5 il azadlıqdan məhrum edilməsi tələb olundu
2005-ci ildən Milli Məclisin deputatı olan Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyilə keçirilən məhkəmə prosesində vəkillər növbəti dəfə vəsatət qaldırıb ki, Fazil Mustafa çağırılıb dindirilsin. Vəkillər bildirib ki, məhkəmə istintaqı başa çatır, lakin zərərçəkmiş dindirilməyib.
Hakimlər bu dəfə də vəsatəti təmin etməyib.
Daha sonra hakim məhkəmə istintaqının tamamlandığını elan edib və çıxışlar başlayıb.
Prokuror Orxan Kəngərli çıxışında təqsirləndirilən şəxslərdən Azər Səricanovun ömürlük, Səbuhi Şirinov, Rəşad Əhmədov, Elşad Əsgərovun 20 il, Emin Əliyarovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə çıxış edən vəkillər bu cəza tələbinin ədalətsiz olduğunu bildirib. Onlar təqsirləndirilən şəxslərə ittiham verilən maddələrdən bir neçəsinin əsassız olduğunu bildirərək, həmin maddələr üzrə bəraət verilməsini istəyiblər. Prokurorun tələb etdiyi cəzanın çox ağır olduğunu vurğulayan vəkillər bildirib ki, Fazil Mustafa deputat, yaxud partiya sədri olduğuna görə vurulmayıb. Təqsirləndirilən şəxslər ifadələrində deyiblər ki, Fazil Mustafa səsləndirdiyi fikirlərlə onların dini inancına toxunurdu, təhqir edirdi. Bu səbəbdən onu cəzalandırmaq qərarına gəliblər.
Təqsirləndirilən Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov və Elşad Əsgərovun vəkilləri müdafiə etdikləri şəxslərə yüngül cəza verilməsini istəyiblər.
Rəşad Əhmədovun vəkili isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Məhkəmə prosesi avqustun 7-də davam edəcək.
Vəkillərin çıxışı bitəndən sonra təqsirləndirilən şəxslər son sözlərini deyəcəklər. Bundan sonra hökm oxunacaq.
Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. O, bud və çiyin nahiyəsindən xəsarət alıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.
İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub. Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib. Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib. Hadisədən sonra bu puldan da Səbuhi Şirinova verilib.
Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini mövzuda səsləndirdiyi fikrə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.