close

Psixoloq xidməti ancaq varlılar üçündür?

Psixoloq xidməti. Foto: Mix Tape/shutterstock

Ölkədəki mərkəzlərdə psixoloq ya çatışmır, ya da yalnız adı var

Azərbaycanda icbari tibbi sığorta paketinə psixoloq xidməti daxil deyil. Lakin TƏBİB əhalinin psixoloji sağlamlığının qorunması məqsədi ilə 52 tibb müəssisəsində artıq 86 psixoloq ştatı yaratdığını açıqlayıb. Bu xidmətdən nə qədər geniş kütlə yararlana bilir?

Müxtəlif travmalar alan vətəndaşlar mental sağlamlığını bərpa etmək üçün öz ciblərindən xərcləyərək psixoloqla görüşlərə getməli olur, buna isə hər kəsin maddi imkanı əl vermir.

“O pulu psixoloqa versəm, dəqiq dəli olaram”

Bakıda yaşayan Rəna Abbasova deyir ki, travmalarının müalicəsi üçün poliklinikaya gedib və öyrənib ki, dövlət ona ancaq psixiatr və nevropatoloq dəstəyi göstərə bilər.

Rəna Abbasova deyir ki, keçmiş həyat yoldaşı narkotik maddələrdən asılı olub və 2022-ci ildə narkotik almaq üçün pul tapmağa kömək etməyəcəyi təqdirdə Rənanı öldürməklə hədələyib.

Sevdiyim adamın belə olması mənim üçün ağır zərbə idi. Bir tərəfdən də məni təhdid etməsi. İnanın 2 il keçib, hələ də yadıma düşəndə içimdən titrətmə keçir. İşsizəm, qardaşımgildə qalıram. Pulsuz psixoloq yoxdur, pulluya da ancaq varlıların imkanı çatır, mən aparıb o qədər pulu psixoloqa versəm, dəqiq dəli olaram”.

Rəna Abbasova deyir ki, cəmi 1 dəfə pul ödəmədən psixoloqa gedib. O da Asan Xidmətə boşanmaq üçün müraciət etdikdə olub. Lakin psixoloq sadəcə dinləyib, sonra isə boşanmaq istəyən cütlüyə 1 ay düşünmək üçün vaxt verib. Bir aydan sonra isə psixoloqla yenidən görüş olmayıb, cütlük qarşılıqlı razılıq əsasında boşanıb.

TƏBİB-in təqdim etdiyi psixoloji dəstək müddətindən asılı olaraq təcili, birdəfəlik, qısamüddətli (12 sessiyaya qədər) və uzunmüddətli (12 sessiyadan çox) ola bilir.
2020-ci ildə Nazirlər Kabinetinin qərarı ilə “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri” təsdiqlənib.

Qanuna görə, təcili və təxirəsalınmaz hallarda Azərbaycan Respublikası vətəndaşlarının, təhsil alanların, həbs edilmiş şəxslərin, cəza çəkməkdən azad edilmiş şəxslərin, məişət zorakılığından zərərçəkmiş şəxslərin, hərbi qulluqçuların, sosial xidmətə götürülmüş şəxslərin (ailələrin), fövqəladə hadisə zamanı zərərçəkmiş şəxslər, onların ailə üzvlərinin, peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin və əlilliyi olan şəxslərin pulsuz psixoloji yardım almaq hüququ var.

Sərəncamdan məlum olur ki, ehtiyaclı bütün Azərbaycan vətəndaşları pulsuz psixoloq seanslarına yönələ bilər. Lakin bu ehtiyac meyarının necə ölçülməsi iıə bağlı sərəncamda heç bir məlumat yoxdur.

“Zondakı psixoloq məhbusların döyülməsində iştirak edirdi”

4 il həbsdə qalsa da, sonradan bəraət alan Fuad Əhmədli deyir ki, cəzaçəkmə müəssiələrində psixoloq fəaliyyətsiz idi:

“Psixoloqun təhsilinin olması belə sual altında idi. O, zondakı məhbusların döyülməsində iştirak edirdi. Ruh kimi gəzirdi. Mən ilyarım sonra bilmişəm ki, psixoloq kimdir. Ancaq adam döymək lazım gələndə deyirdilər ki, gəl bir ayağından da sən tut”.

Fuad Əhmədli deyib ki, istintaq təcridxanasındakı psixoloqla olan əhvalatlar isə məhbuslar arasında lətifəyə çevrilirdi:

Fuad Əhmədli
Source:

“Bir yaşlı kişinin oğlu yanına gəlmirmiş. Hadisədən təsirlənən qoca kişi gedib təcridxananın psixoloqunun yanına. Psixoloq ondan soruşub ki, daha əvvəl də uşağınla bu tip intriqaların olub? Qoca kişi deyib, hə. Psixoloq da cavab verib: “Get, ağsaqqal, get, elə oğlun boyunu yerə soxum”.

“Başqa biri də gedib psixoloqa, soruşublar ondan ki, yeməyin, siqaretin var? Deyib ki, hə. Deyiblər, onda şadlığına şitlik niyə edirsən? Sonra məhbusu döyüb, basıblar karsa”,- Fuad Əhmədli xatirələrini danışıb.

Meydan TV Penitensiar Xidmətdən bu sahədə nə qədər psixoloqun çalışdığı, onların fəaliyyəti ilə bağlı sorğusuna cavab ala bilməyib.

Layihə varsa, psixoloq var”

Ödənişsiz psixoloji yardımın göstərilməsi ilə bağlı sərəncamda məişət zorakılığı qurbanlarına da dəstəkdən söz açılıb.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Meydan TV-yə danışıb ki, psixoloqa ehtiyac çox olsa da, keyfiyyət və kəmiyyət azdır.

Ailə-uşaq mərkəzlərinin nəzdində mərkəzlər var. O mərkəzlərin bir qismində psixoloq var, bir qismində yoxdur.

Mehriban Zeynalova
Foto: Meydan TV

Sosial Xidmətlər Agentliyində psixoloqlar çalışır, lakin sayı yetərli deyil. Sığınacaqlardakı psixoloqlar isə layihə çərçivəsində işləyirlər. Layihə varsa, var, yoxdursa, yoxdur”,- Mehriban Zeynalova bildirib.

Sığınacaq rəhbəri onu da deyib ki, bir çox halda psixoloqlar zorakılığın nə olduğunu belə bilmir.

“Krizis anında balansında pul olmayanlar qaynar xəttə zəng edə bilmir”

2012-ci ildən bəri Bakıda Səhiyyə Nazirliyinə tabe Psixi Sağlamlıq Mərkəzi də ödənişsiz fəaliyyət göstərir. Bu mərkəzin əsas önəmi “qaynar xətti”nin mövcud olmasıdır.

Bundan başqa, mərkəz erkən müdaxilə proqramları, gündüz stasionarında müalicə, psixososial reabilitasiya və krizis zamanı yardım kimi fəaliyyətlər göstərir.

Lakin Psixi Sağlamlıq Mərkəzinin fəaliyyəti təkcə Bakı şəhəri ilə məhdudlaşıb. Mərkəz Bakı şəhər nömrəsi və email ilə əlaqə imkanı tanıyıb.

Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi. Foto: Meydan TV

Mərkəzi Bakıda yerləşir. Azərbaycanın digər şəhər və rayonlarından müraciət etmək istəyənlər üçün də Bakıya gəlmək əlavə xərcə düşmək deməkdir.

Meydan TV mərkəzin əlçatanlığını yoxlamaq üçün balansında vəsait olmayan mobil nömrə vasitəsilə qeyd edilən nömrəyə zəng edib. Məlum olub ki, krizis zamanı təcili dəstək almaq üçün zəng edən vətəndaşın balansına pul yükləmək imkanı olmazsa, psixoloq ilə əlaqə saxlaya bilməyəcək.

Həmçinin vətəndaş mobil operatorların xüsusi tarif paketini əldə etmədikdə şəhər nömrəsi ilə danışmaq daha baha başa gəlir.

Yarım saata heç kimi krizisdən çıxarmaq mümkün deyil”

Müxtəlif sosial problemləri olan vətəndaşlara dəstək göstərən sosial işçi Sənubər Heydərova deyir ki, onun dəstək göstərdiyi şəxslər dövlətin nəzdindəki bu yardımdan yararlana bilməyib.

Sənubər Heydərova
Foto: arxiv

Birincisi, bu xidmət əlçatan deyil. Çox adamın belə bir dəstəyin olmasından məlumatı yoxdur. İkincisi, bu zənglərin limiti var, 15-20 dəqiqəlik zənglərdən gedir söhbət. Hətta lap yarım saat olsun. Bu müddət ərzində heç kimi krizisdən çıxartmaq mümkün deyil”.

Sənubər Heydərova onu da deyib ki, Azərbaycanda psixoloqların bir çoxu peşə etikasına əməl etmir, keyfiyyətsiz dəstək göstərir.

Meydan TV Azərbaycanda psixoloqların seansbaşı ödənişlərini araşdırıb. Məlum olub ki, vətəndaşlar 1 saat üçün ən az 40 manatdan keçməlidir. Bu qiymət 200 manata qədər dəyişir.

Ana səhifəXəbərlərPsixoloq xidməti ancaq varlılar üçündür?