close

Gürcüstanda müxalif deputatlar “rus qanunu”na qarşı iddia qaldıracaq

Gürcüstan parlamenti. Foto: arxiv

Baş nazir iddiaların perspektivinin olmayacağını deyir

Gürcüstanda müxalifət deputatları hakim çoxluğun təşəbbüsü ilə parlamentin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı tezliklə Konstitusiya Məhkəməsində iddia qaldırmağı planlaşdırırlar.

Hazırda parlamentdəki müxalifət nümayəndələri deputatların imzalarını toplayır. Bəzi gürcü KİV-lərinin məlumatına görə, iddianı parlamentin 32 müxalifət deputatı imzalayacaq.

Müxalifət Konstitusiya Məhkəməsindən mübahisəli qanunun qəbulu ilə Konstitusiyanın 22-ci (“Birləşmək azadlığı”) və 78-ci (“Avropa və Avro-Atlantikaya inteqrasiya”) maddələrinin pozulduğunu təsdiqləməyi tələb edir.

Gürcüstan Prezidenti Salome Zurabişvili və qeyri-hökumət sektoru da analoji iddia ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezidentin iddiasının perspektivinin olmayacağını deyib.

QHT-lər və partiyalar arasındakı əlaqələr bir daha Gürcüstan siyasətində “qara pul” olduğunu göstərir”.

“Gürcüstanda siyasətin maliyyələşdirilməsi şəffaf olmalıdır, xüsusən də siyasətin maliyyələşdirilməsi QHT-lər vasitəsilə həyata keçirildikdə, əlbəttə ki, bu da şəffaf olmalıdır. QHT-lər və partiyalar arasında yaranmış bu cür çaşqınlıq bir daha onu göstərir ki, “qara pullar”, gizli pullar var ki, Gürcüstan cəmiyyətinə açıqlanmalıdır”, – Kobaxidze bildirib.

Gürcüstanın Baş naziri həmçinin Prezidentin “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı Konstitusiyaya etirazını şərh edib.

“Ölkənin Konstitusiyasını pozan Prezidenti var. İddiaya gəlincə, bir daha deyirəm ki, şəffaflığa qarşı qaldırılan iddianın nə hüquqi baxımdan, nə də başqa nöqteyi-nəzərdən perspektivi olacaq”, – Kobaxidze bildirib.

Prezidentin “xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvini tələb edən iddiası iyulun 15-də Konstitusiya Məhkəməsinə verilib.

Rusiyada “Xarici agentlər haqqında” qanunun analoqu – “Xarici təsirin şəffaflığı haqqında” qanun 2024-cü il iyunun 4-də Gürcüstan parlamentinin spikeri sənədi imzaladıqdan sonra qüvvəyə minib.

Qanuna əsasən, 60 gündən sonra (4-5 sentyabr) əhəmiyyətli xarici maliyyə vəsaiti olan bütün təşkilatlar xüsusi portalda qeydiyyatdan keçməlidirlər.

Ana səhifəDünyaGürcüstanda müxalif deputatlar “rus qanunu”na qarşı iddia qaldıracaq