close

“Pul axtarandan sənətkar olmaz”

Saatsaz Vüqar Həsənov. Fotolar: Meydan TV

“Sual verirlər ki, səndən sonra kim olacaq saatsaz?”

Bu yoldan hər gün yüzlərlə sakin keçir. Həm bazara tələsir, həm də yolüstü onun iş yerinə dəyirlər. Yuxarı nəzər salanda iri hərflərlə “saatsaz” sözü kifayət edir ki, onu tanıyasan.

Hamı ona “Vüqar usta” deyə müraciət edir.

Söhbət Göyçayın tək saatsazı Vüqar Həsənovdan gedir.

Vaxtilə məşhur, indi isə unudilmaqda olan belə sənət növlərini regionlarda yaşadanlar az da olsa, qalır.

Keçmişdə Göyçayda ona yaxın etnik xalq yaşayıb. Onların da əsas məşğuliyyəti müxtəlif el sənətləri olub.

Onlardan biri də əsas yəhudilərin məşğul olduğu saatsaz sənətidir.

Rayonun beş fərqli guşəsində fəaliyət göstərən saatsazlardan dördü yəhudi olub.

Yalnız biri isə yerli sənətkar Ənvər usta olub. Vüqar da onun oğludur.

Vüqar rayonda saatsaz kimi 25 ildir ki, fəaliyyət göstərir.

“Atamın əllərinə baxaraq öyrəndim”

 O, sənəti atasından öyrəndiyini, saatsazlığın həm də çətin və məsuliyyətli peşə olduğunu deyir.

Onun sözlərinə görə, bu sənət insandan dözüm və səbr tələb edir:

“Atam 50 il saatsaz işləyib. Son altı ildə fəaliyyətini dayandırıb. Əllərinə baxaraq öyrənmişəm. İrsi bacarıqla yanaşı, illərdir ki, atamdan öyrəndiklərim mənə ciddi kömək oldu. İlk dəfə saatsaz alətlərinin funksiyasını və necə istifadə edilməsini öyrəndim. Saatları söküb-yığdım. İlk növbədə səbrli, diqqətcil olmaq, xırdalıqları bilmək lazımdır. Saat mexanizmi qəlizdir, onun detallarını işləmək, iş mexanizminə bələd olmaq, sökərkən, yığarkən düzgün yerinə yetirmək lazım. Hətta elə detallar var ki, ancaq böyüdücü ilə görünür, gün ərzində 5-6 saatı söküb yığarkən beyin yorulur”.

Vüqar Həsənov deyir ki, sənətkar insanlarla ünsiyyət qurmağı bacarmalı, müştəri ilə xoşrəftar olmalı, işində düzgün olmalıdır:

Əllər işə necə öyrəndisə, sonadək elə davam edir. İşdən qorxmaq lazım deyil, qorxdunsa, həmin işə yaxın getmə”.

Yaşlı nəsil öz saatına sadiqdir”

Saatsaz deyir ki, rayonda yəhudi saatsazlar çox olduğundan daim aralarında sağlam rəqabət olub. Yaxşı sənətkar adı qazanmaq uğrunda mübarizə onlara güc verib.

“90-cu illərə qədər tələbat çox olsa da, sonrakı illər zəifləyib. Son dövrlər isə gənclərin saata aksesuar kimi marağından dolayı saatsazın dükanına üz tutanların sayı artıb. Saatsaz həm təmir edir, həm də köhnə saatlardan yeni saatlar düzəldərək satır”, – Vüqar Həsənov qeyd edir.

Vüqar Həsənov deyir ki, əvvəllər rayonda onları da yəhudi biliblər:

Yəhudilər əsl sənətkar idilər, daim sağlam rəqabət vardı. Biz də onlarla rəqabət aparırdıq. Atamla məni də yəhudi sanırdılar. Sual da verirdilər ki, siz yəhudisiniz? Ancaq 90-cu illərin müharibə və çətin şəraitindən sonra yəhudilər köçüb getdilər, atamla ikimiz qaldıq. O günlər üçün darıxıram”.

15-20 il öncə saat təmirinə maraq az idi, amma son 2-3 ildə məktəblilərin, gənclərin saatı aksesuar kimi istifadə etməsindən dolayı sifarişlər artıb. Telefon saatı ilə deyil, qol saatı ilə hərəkət edirlər. Gün ərzində ən yaxşı 20-25, ən az 5-6 sifariş olur. Həftənin bütün günü çalışıram. Nəinki Göyçaydan, ətraf Ucar, Ağdaş, Ağsu, Zərdab rayonlarından da sifarişlər gəlir, çünki saatsaz yoxdur. Beş-altı rayonun tək saatsazıyam. Yaşlı nəsil mexaniki, gənclər isə elektron saatlara üstünlük verir. 1 manatdan beş manata qədər təmir xərci olur. Hətta olur ki, saat köhnə, ucuz, təmiri baha olur. Deyirəm ki, get təzəsini al. Almırlar, həmin saatın xatirəsinin dəyərli olduğunu deyirlər, xüsusilə yaşlı nəsil öz saatına sadiqdir. Vəfalı insan üçün dəyərin qiyməti olmur”, – belə deyir.

Bütün saatların işləmə mexanizminə bələdəm”

Saatsazın iş otağında 30-dan çox qol, 20-dən çox divar saatı var. Çoxu da ötən əsrin 60-70-ci illərinə aiddir. Bəziləri satış üçündür, bəziləri təmirə verilənlərdir. Ən ucuz saatı üç manata, ən baha saatını isə 100 manata satan sənətkar özünə aid saatının olmadığını deyir.

Bütün təmir etdiyi və hazırladığı saatları qoluna taxaraq yoxlayan saatsaz deyir ki, qolunda saat görəndə tez alırlar. Tələbat isə yapon istehsalı olan “Arient” markalı saatlaradır.

Deyir ki, bu saatlar həm möhkəm, həm davamlı olurlar:

“Müasir sensor saatların mexanizmi yoxdur, sadəcə, telefon kimi çalışır, onların mexanizminə bələd olmaq üçün söküb baxıram. Əslində saatsaz kimi, demək olar ki, bütün saatların işləmə mexanizminə bələdəm. Yenilərində isə mexanizm qəliz deyil, ancaq xırda detallarına varmalıyam, açıb baxmasam, bilmərəm mexanizmi necə işləyir. Kimsə saatı gətirir ki, saatı işləmir, gör nədəndir. Bir dəqiqə kifayət edir ki, baxıb dərdini bilim. Bəzən insanlar buna təəccüblənirlər”.

“Sənət minnətsiz qazanc, başucalığıdır”

Saatsazın tələbəsi yoxdur deyə sənətin gələcəyindən narahatdır.

Deyir ki, gənclər bu qədim el sənətinə maraqlı olmur, daha çox ali təhsilə və digər gəlirli peşələrə yönəlirlər. Elə üç övladı da bu sənətdən uzaqdır. Ancaq o, sənətini kiməsə yadigar qoyub getmək istəyir:

İki gənc iş yerimə gəldi. Biri əyləşən kimi stolun üstünə baxıb ağladı ki, bu mexanizmləri nə edəcəyəm və durub getdi. Digəri isə hələ əlini heç nəyə atmadan: “Usta, gündə qazancım nə qədər olacaq?” – deyə sual verdi. Dedim ki, səndən sənət adamı olmaz. Sənəti öyrənən pula deyil, öncə işinə maraqlı olmalıdır. Sənət axtaranın həmişə qazancı olacaq. Pul axtarandan sənətkar, vaxt keçirəndən saatsaz olmaz. Sual verirlər ki, səndən sonra kim olacaq saatsaz? Özümə də maraqlıdır. Ölüm haqdır. Deyirəm nə qədər sağam xidmət edəcəyəm sizə, sonrasını bilmirəm. Məcburi heç kimə sənət öyrətmək olmur. Sənət minnətsiz qazanc və başucalığıdır. Yəqin ki, gələcəkdə sənətimi davam etdirən tapılar. Usta əlindən tutub nəyi necə etməyi öyrətməyəcək, gərək ustanın əlinə baxıb öyrənəsən. Odur ki, gərək gənclərdə sevgi, səbr və maraq olsun”.

Ana səhifəBölgə“Pul axtarandan sənətkar olmaz”