close

Putin bu dəfə Polşanı hədələdi

Vladimir Putin, Foto:By ID1974/Shutterstock

“Belarusa təcavüz etmək Rusiyaya qarşı təcavüz demək olacaq”

Rusiya Prezidenti Vladimir Putin Polşa, Litva və Ukraynanın sonrakı işğalı üçün hərbi birləşmənin yaradılmasının planlaşdırıldığını bildirib.

Bu barədə Təhlükəsizlik Şurasının iclasında danışan Vladimir Putin Polşanın qərb ərazilərinin SSRİ-nin keçmiş rəhbəri İosif Stalinin “hədiyyəsi” olduğunu qeyd edib:

“Qərbin qızışdırdığı Polşa Rusiyada baş vermiş vətəndaş müharibəsindən istifadə edərək, Rusiyanın bəzi tarixi əyalətlərini ilhaq etdi. O zaman çətin vəziyyətdə olan Rusiya 1921-ci ildə Riqa müqaviləsini imzalamağa məcbur oldu. Polşa da 1938-ci ildə Hitlerlə Münhen razılaşması nəticəsində Çexoslovakiyanın bölünməsində iştirak edib”.

“Polşa liderlərinə gəlincə, onlar yəqin ki, “NATO çətiri” altında hansısa koalisiya yaratmağı və Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi, sonra özlərinə daha böyük bir parça qoparmaq, öz tarixi ərazilərini – bugünkü Qərbi Ukraynanı geri qaytarmaq üçün düşünürlər. Hamıya məlumdur ki, onlar da Belarus torpaqlarını arzulayırlar”, – deyə Putin əlavə edib.

Belarusa gəlincə, Rusiya lideri xatırladıb ki, qonşu ölkə İttifaq dövlətinin bir hissəsidir:

“Belarusa təcavüz etmək Rusiyaya qarşı təcavüz demək olacaq. Biz buna əlimizdə olan bütün imkanlarla cavab verəcəyik. Məncə, bu, çox təhlükəli oyundur və bu cür planların müəllifləri nəticələri barədə düşünməlidirlər”.

Meydan TV Rusiya dövlət başçısının söylədikləri ilə bağlı tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidiyə müraciət edib.

Solmaz Rüstəmova-Tohidinin sözlərinə görə, Rusiya-Polşa münasibətləri tarixən həmişə mürəkkəb və ziddiyyətli olub:

“Polşa orta əsrlər boyu Rusiyanı Avropa ölkələrindən ayıran bufer rolunu oynayıb. XVIII əsrin sonlarında Polşa-Litva dövlətinin Prussiya krallığı, Rusiya İmperiyası və Avstriya tərəfindən bölünməsi ilə  Polşa bir dövlət olaraq dünya xəritəsindən silinsə də, “Polşa məsələsi” daim gündəmdə qalıb və istər I, istərsə də II dünya müharibələrindən sonra hər dəfə yenidən meydana çıxıb. Belə ki, onun düşünülmüş həllindən beynəlxalq münasibətlərin yeni sisteminin möhkəmliyi məhz Polşa məsələsinin yeni həllindən asılı olub. I Dünya Müharibəsindən sonra dövlətçiliyini bərpa etmiş Polşa Almaniyanın müharibədə məğlubiyyətinə baxmayaraq, öz qüvvəsi ilə əvvəlki qərb torpaqlarını qaytara bilməyib. Belə ki, əsas diqqətini Şərq regionundakı yeni gənc dövlətlərlə (Ukrayna və Litva) ilə hərbi münaqişələrə yönəldib. Lakin Polşanın 1939-cu ildə Molotov-Ribbentrop paktına əsasən Almaniya və Sovet İttifaqı arasında bölüşdürülməsi onun bütün planlarına son qoyub”.

Solmaz Rüstəmova-Tohidi
Foto: arxiv

“Müharibə dövrü Polşa-SSRİ münasibətləri ayrıca və çox böyük mövzudur. Xüsusilə müharibədən sonra Sovet İttifaqının bu dövlətin əraziləri, hökumətləri, ordusu ilə bağlı bir sıra mübahisəli və ziddiyyətli məsələlər var. Lakin Polşa tarixinə “Qaytarılmış torpaqlar” (“həmçinin “qaytarılmış ərazilər”) kimi düşmüş beynəlxalq proyektin qəbulunda SSRİ-nin rolu danılmazdır. Belə ki, 1945-ci Yalta və Potsdam konfranslarının, eləcə də Polşa-SSRİ arasında 1945-1956-cı illər qəbul edilmiş ikitərəfli müqavilələrin nəticəsində Almaniyanın keçmiş  Şərq əraziləri (ara dildə “alman Polşası”) müstəqil Polşaya verildi. Sərhədlərin dəyişdirilməsi – Oder-Neyse xəttindən şərqdə yerləşən torpaqların – Qərbi Prussiya (bir hissəsi), Sileziya (bir hissə), Şərqi Pomeraniya və Şərqi Brandenburq, keçmiş Sərbəst şəhər Dansiq, eləcə də Şesin dairəsi, almanlardan müharibədən sonra reparasiya aktı kimi Polşaya keçməsi bu qərarı qəbul etmiş qalib dövlətlərin lideriləri, ilk növbədə Stalinin dəstəyi ilə baş tutdu. Bu addımla Stalin ilk növbədə 1939-cu ildə Polşadan aldığı torpaqların əvəzini Alman torpaqları hesabına ödəmək istəyirdi. Hərçənd 1947-ci ildə SSRİ Polşaya Şərqdə də bir sıra əraziləri qaytardı, amma bununla belə, 1947-ci ildə Polşanın ümumi ərazisi 1939-cu ilə nisbətdə yenə 77.000  kv2 də az idi, Belçika və Niderland ərazisi qədər”,-deyə Tohidi əlavə edib.

Professor bildirib ki, Putinin “Stalin Polşaya “ərazi hədiyyəsi” fikri   ilk nəzərdə “günahların yuyulması” və  “ədalətin qismən bərpası” kimi qəbul edilə bilər:

Əslində öz vaxtında bu addımın arxasında sırf siyasi məqsədlər dururdu. Müharibədən sonra Sovet İttifaqı Şərqi Avropa ölkələrinin daxil olacağı “sosialist düşərgəsi” yaradılmasında olduqca maraqlı idi və qədim “münaqişə mənbəyi” olan Polşaya bu sırada böyük rol ayrılırdı. Polşanın Sovetlərin birbaşa dəstəyi ilə hakimiyyəti gəlmiş yeni hökuməti də istər-istəməz Sovet İttifaqının “Qaytarılmış torpaqlar” – kimi mühüm addımı qiymətləndirib həqiqətən Sovet yönlü siyasi kurs tutdular. Hərçənd ki, zaman keçdikdə bir çox faktorların təsiri altında bu siyasi kurs öz əvvəlki aktuallığını və səmimiliyini itirdi, ölkədə və xüsusilə Polşa ziyalıları arasında  ənənəvi “antirusiya” əhval-ruhiyyəsi güclənməyə başladı”.

Ana səhifəSiyasətPutin bu dəfə Polşanı hədələdi