close

Putini tənqid edən keçmiş zabit saxlanılıb

İqor Strelkov. Foto: sosial şəbəkə

İqor Strelkova ekstremizmlə bağlı ittiham verildiyi bildirilir

İyulun 21-də Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti İqor Strelkovu saxlayıblar.

Bu barədə RBC-ya hüquq-mühafizə orqanlarındakı iki mənbə bildirib və məlumatı İqor Strelkovun vəkili Aleksandr Moloxov da təsdiqləyib.

Bildirilir ki, İqor Strelkovu günorta saatlarında evindən aparıblar.

Hazırda İstintaq Komitəsinin əməkdaşları onun mənzilində axtarış aparır.

İlkin məlumatlara görə, saxlanılma “Vaqner” hərbi şirkətinin keçmiş əməkdaşının tələbi ilə həyata keçirilib.

İ.Strelkovun həyat yoldaşı Miroslava Reginskaya “Telegram” kanalında ona Cinayət Məcəlləsinin 282-ci maddəsi (ekstremizm) ilə ittiham verildiyini yazıb.

İqor Strelkov 2014-cü ilin aprelindən Ukraynanın şərqindəki rusiyayönlü döyüş birləşmələrinə komandanlıq edib.

Həmin ilin may-avqust aylarında özünü müstəqil elan edən “DXR”-in müdafiə naziri vəzifəsində çalışıb.

2022-ci ilin noyabrında Hollandiya məhkəməsi İ.Strelkovu 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines Boeing”-in qəzaya uğramasında təqsirli bilib və onu ömürlük həbs cəzasına məhkum edib.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan İ.Strelkov müntəzəm olaraq müharibənin gedişatını şərh edir və tez-tez Rusiya Prezidenti Vladimir Putini sərt tənqid edir.

Ana səhifəDünyaPutini tənqid edən keçmiş zabit saxlanılıb