close

Zelenski büdcə xərclərini azaltmağı tapşırdı, mədəniyyət naziri istefa verdi

Foto: Oleksandr Tkaçenkonun “Facebook” səhifəsindən

Oleksandr Tkaçenko prezidentin bəyanatından istefa ərizəsini təqdim etdikdən sonra xəbər tutduğunu deyir

Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Oleksandr Tkaçenkonun vəzifəsindən istefa verdiyi bildirilir.

Mədəniyyət naziri bunu müharibə zamanı mədəniyyətin maliyyələşdirilməsi ilə bağlı yaranan fikir ayrılıqlarına görə etdiyini deyib.

“Müharibə vaxtı mədəniyyətə dövlət pullarının xərclənməsi, pilotsuz təyyarələrə xərclənən vəsait qədər vacib və önəmlidir. Çünki mədəniyyət bizim şəxsiyyətimizin və sərhədlərimizin qalxanıdır. Bu, mənim prinsipial, şəxsi mövqeyimdir”, – Tkaçenko söyləyib.

İyulun 20-si axşam saatlarında Ukrayna Prezidenti Volodimir Zelenskinin video-müraciəti yayımlanıb.

Prezident çıxışı zamanı deyib ki, Baş nazir Denis Şmıqalla danışıqlar apararaq, müharibə şəraitində büdcə xərclərinə daha diqqətlə yanaşmağı tövsiyə etdiyini bildirib.

Zelenski deyib ki, Baş nazirə mədəniyyət layihələri üçün dövlət maliyyəsinin azaldılması tapşırığını verib:

“Belə bir vəziyyətdə, müharibə getdiyi vaxtda dövlətin maksimum diqqəti və resursları müdafiəyə yönəlməlidir. Büdcədənkənar vəsait hesabına həyata keçirilə bilən hər bir layihə elə bu formada da reallaşdırılmalıdır. Bu, mədəniyyət sahəsinə də aiddir. Muzeylər, mədəniyyət mərkəzləri, televiziya şouları – bütün bunlar vacibdir, lakin indi başqa prioritetlər var. Bunları reallaşdırmaq üçün dövlət büdcəsindən kənar pullar tapın”, – deyən Zelenski, Baş nazirdən mədəniyyət nazirinə əvəzləyici tapmağı da xahiş etdiyini bildirib.

Oleksandr Tkaçenko isə bildirib ki, Prezidentin bəyanatından istefa ərizəsini təqdim etdikdən sonra xəbər tutub.

Oleksandr Tkaçenko 2020-ci ildə mədəniyyət və informasiya siyasəti naziri olub.

Tkaçenkonun istefasına müharibə dövründə ictimaiyyətin hiddətinə səbəb olan qərarlar verməsi göstərilir.

Qeyd olunur ki, Tkaçenko Qolodomor-Soyqırımı Milli Muzeyinin tikintisinin başa çatdırılması üçün 500 milyon qrivnanın ayrılmasını dəstəkləyib.

Mədəniyyət Nazirliyi filmlərin və serialların istehsalına daha 450 milyon qrivna ayırmaq niyyətində idi və bunu “dövlətin informasiya və mədəni təhlükəsizlik məsələsi” adlandırırdı.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) bu ilin mayında açıqladığı hesabatda Rusiyanın hərbi əməliyyatlara başlamasından bu yana Ukraynada 139 mədəniyyət obyektinə ziyan dəydiyi qeyd olunub.

Bildirilib ki, 62 dini bina, 12 muzey, 26 tarixi bina, 17 mədəni fəaliyyətə həsr olunmuş tikili, 15 abidə və 7 kitabxanaya ziyan zərər görüb.

Təşkilat dağıntıdan dəyən zərəri təqribən 2,4 milyard avro, istirahət və turizm sektorundakı gəlir itkisini isə təxminən 14 milyard avro dəyərində qiymətləndirib.

Ana səhifəMədəniyyətZelenski büdcə xərclərini azaltmağı tapşırdı, mədəniyyət naziri istefa verdi