close

Qagik Voskanyanın işi üzrə məhkəmə istintaqı başlayıb

Qagik Voskanyan. Foto: Meydan TV

Prokuror Müşfiq Rəhimov ittiham aktını elan edib

Azərbaycanda həbsdə olan Ermənistan hərbçilərindən biri – Qagik Voskanyanın işi üzrə məhkəmə istintaqı başlayıb. Məhkəmədə onun işi üzrə ittiham aktı elan olunub, Qagik Voskanyan özünü təqsirli bilməyib.

Qagik Voskanyanın işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Abdulla Məmmədov, Mikayıl Məmmədzadə və Roman Ələkbərlidən ibarət hakimlər kollegiyası baxır. Lakin məhkəmə prosesi Gəncədə yox, Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Bu cinayət işi üzrə 5 nəfər azərbaycanlı hərbçi – Xəyal Daşdəmirov, Tofiq İsmayılov, Elvin Hüseynzadə, Əli Kərimov və İsrafil Məmmədov zərərçəkmiş qismində tanınıb. Qagik Voskanyanın saxlanılarkən onlara silahlı müqavimət göstərdiyi və öldürməyə cəhd etdiyi iddia olunur.

1983-cü ildə Qagik Voskanyana qarşı Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd), 206.3.2 (bir qrup şəxs tərəfindən silah-sursat qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (bir qrup şəxs tərəfindən odlu silahla terrorçuluq), 228.2.1 (bir qrup şəxs tərəfindən odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (milli düşmənçiliyin salınmasına yönələn hərəkətlər) və 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham irəli sürülüb.

Dekabrın 7-də məhkəmədə təqsirləndirilən şəxsin və zərərçəkmişlərin hüquqları, vəzifələri elan olunub. Daha sonra prokuror Müşfiq Rəhimov ittiham aktını elan edib.

İttihama görə, avqustun 16-da Ermənistanla sərhədin Kəlbəcər rayonu ərazisində saxlanılan Qagik Voskanyan kəşfiyyat-diversiya qrupunun üzvü olub. O, Azərbaycan Ordusinin Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək sərhədi keçib. Məqsəd isə terror törətmək olub. Onun saxlanılarkən silahlı olduğu iddia olunur.

İttiham aktının elanından sonra hakim Qagik Voskanyandan özünü təqsirli bilib-bilmədiyini soruşub. O, özünü təqsirli bilmədiyini deyib. Əlavə edib ki, nə baş verdiyini də xatırlamır:

“Özümü təqsirli bilmirəm. Nə baş verdiyini xatırlamıram. Mənə qarşı rəhmli davranmağınızı xahiş edirəm”.

Bundan sonra Qagik Voskanyan, zərərçəkmişlər, şahidlər ifadə verməli idi. Lakin bu mərhələdə media nümayəndələrinin məhkəmə prosesini izləməsinə icazə verilməyib. Jurnalistlərin hamısı zaldan çıxarılıb.

Məhkəmə prosesi isə davam etdirilib.

Ermənistan tərəfi Qagik Voskanyanın diversiya qrupunun üzvü olması, terror-təxribat törətmək məqsədilə sərhədi keçməsi haqda Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib:

“Onun necə saxlandığını göstərən videogörüntülər də bu haqda iddiaların yalan olduğunu sübut edir”.

Ana səhifəSiyasətQagik Voskanyanın işi üzrə məhkəmə istintaqı başlayıb