close

Qara dənizdəki fırtına Rusiya-Ukrayna müharibəsinə təsir edib

Qara dəniz, Krım sahilləri. Fırtına Foto: REUTERS/Alexey Pavlishak

Rusiya hərbi gəmilərini Qara dənizdən çıxarıb

Rusiya-Ukrayna müharibəsinin 644-cü günüdür. Son məlumatlara görə, Rusiyanın atdığı mərminin evlərə düşməsi nəticəsində noyabrın 28-də 4 nəfər ölüb, azı 5 nəfər yaralanıb.

Hadisə barədə məlumat verən Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak bildirib  ki, insanlar ölkənin cənubundakı Nikopol şəhərində beşmərtəbəli binanın vurulması nəticəsində həlak olub.

Ən son məlumatlar arasında Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanovun həyat yoldaşı Marianna Budanovanın zəhərlənərək xəstəxanaya yerləşdirilməsi də yer alıb. Onun qanından ağır metallar tapıldığı və qəsdən zəhərləndiyi bildirilir.

Qara dəniz regionunda qasırğalar işğal altında olan Krım da daxil olmaqla, Rusiya və Ukraynada azı 14 nəfərin ölümünə və 2 milyondan çox insanın işıqsız qalmasına səbəb olub.

Qasırğadan sonra Qara dəniz regionunda tornadoların olacağı proqnozlaşdırılıb.

Müharibə Araşdırmaları İnstitutu bildirib ki, fırtına Rusiyanı bütün gəmilərini və raket daşıyıcılarını bazalarına qaytarmağa məcbur edib. Eyni zamanda, fırtınanın mina sahələrini dağıtdığı, bu səbəbdən Qara dənizdə minaların hərəkət təhlükəsi yarandığı da bildirilir.

Qasırğa sahilyanı ərazilərdə dəmir yollarını zədələyib. Rusiya ordusunun işğal olunmuş Krım və Ukraynanın cənubundakı logistik imkanlarına təsir göstərə biləcəyi barədə məlumatlar var.

Təbii fəlakət Ukraynada cəbhə xəttində hərbi əməliyyatların tempinə təsir göstərib, lakin tamamilə dayandıra bilməyib.

Digər tərəfdən, ABŞ senatının gələn həftə İsrail və Ukraynaya yardımı ehtiva edən qanun layihəsini nəzərdən keçirməyə başlayacağı bildirilir.

Ukrayna, Latviya, Estoniya və Litva xarici işlər nazirlərinin noyabrın 30-da Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iclasını boykot edəcəkləri ilə bağlı xəbərlər də var. Səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun iclasda iştirak etmək niyyətində olduğunu bildirməsidir.

Ana səhifəDünyaQara dənizdəki fırtına Rusiya-Ukrayna müharibəsinə təsir edib