close

Qarabağın bərpasına ayrılan büdcənin yarısı Türkiyə şirkətlərinə verilib

İşğaldan azad olunmuş ərazilər. Foto: AAYDA

Mikayıl Cabbarov: “Son üç ildə Azərbaycanın sərmayə resurslarının böyük hissəsi işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib”

Qarabağın bərpasına dövlət büdcəsindən 7 milyard dollardan çox vəsait ayrılıb. Bu vəsaitin 3,4 milyardı iş görməsi üçün Türkiyə şirkətlərinə verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov belə deyib.

Onun sözlərinə görə, son üç ildə Azərbaycanın sərmayə resurslarının böyük hissəsi işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib.

Qarabağın bərpasından bundan öncə Baş nazir Əli Əsədov da danışmışdı.  Demişdi ki, müharibədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat ayrılıb.

2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.

Onun sözlərinə görə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.

“2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub. Qarabağ iqtisadi rayonunun əraziləri – Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub”.

Müdafiə və milli təhlükəsizlik xərclərinə gəlincə, Əli Əsədov bildirib ki, bunun üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Bu rəqəm 2023-cü ilə baxanda 366 milyon manat və ya 6 faiz çoxdur.

Əli Əsədov. Foto: “nk.gov.az”

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olub. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ətraf 7 rayona və Dağlıq Qarabağa nəzarəti itirib. 2020-ci ilin sentyabrında başlayan və 44 gün çəkən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda “lokal anti-terror tədbirləri” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” adlandırıb.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Ana səhifəİqtisadiyyatQarabağın bərpasına ayrılan büdcənin yarısı Türkiyə şirkətlərinə verilib