close

Qardaşı Qubad İbadoğluna qarşı tibbi terror edildiyini deyir

Qubad İbadoğlu. Foto: Meydan TV

“Qan analizləri kamerada götürülür, daha doğrusu, saxlanılan şəxs qolunu qapıdakı nəfəslikdən bayıra uzadır, qan alırlar”

Həbsdə olan azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun səhhətində problem yaranıb. Onun günlərdir baş ağrısı və halsızlıqdan əziyyət çəkdiyi bildirilir.

Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasında saxlanılır. O, iyulun 23-də saxlanıb. Azərbaycan hökuməti onu saxta pul və ya qiymətli kağız hazırlamada təqsirli bilib. Özü və vəkilləri isə ittihamı siyasi sayıb.

Qardaşı Qalib Bayramov bildirir ki, onun durumu ötən həftənin şənbə və bazar günündən pisləşib. Baş ağrısının və halsızlığının səbəbinə gəlincə, Qalib Bayramov qardaşının müayinədən keçirilmədiyi üçün bunun bilinmədiyini deyir:

“Ondan analiz götürülmür. Özü ona verdiyimiz aparat vasitəsilə qanda şəkərini ölçüb, çox yüksək çıxıb”.

Qalib Bayramov düşünür ki, Azərbaycanın müvafiq hakimiyyət orqanları, o cümlədən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Qubad İbadoğluna qarşı tibbi terror həyata keçirir.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 20-də Qubad İbadoğlunun 41-ci qayda üzrə prioritet (öncəlik) hüququnu tanıyıb.

Qərara əsasən, Azərbaycan hökuməti Qubad İbadoğlunun konkret istiqamətlər üzrə xüsusi klinikada müayinə və müalicələrinin aparılmasını həyata keçirməli və bu barədə məhkəməni mütəmadi məlumatlandırmalıdır.

Qalib Bayramov deyir ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Bakı İstintaq Təcridxanası AİHM-in qətnaməsini saymır və bu saymamazlığın Azərbaycan üçün hansı hüquqi nəticələr doğuracağı veclərinə deyil:

Qalib Bayramov. Foto: “abzas.net”

Bakı İstintaq Təcridxanasında göstərilən tibbi xidmətin səviyyəsi bərbaddır. Məsələn, USM müayinəsindən sonra bədəndəki geli silmək üçün kağız dəsmal yerinə, A4 vərəqindən istifadə
olunur, qan analizi götürən zaman gigiyenik normalara əməl edilmir. Analiz götürən şəxs əlinə əlcək taxmır, spirt və bu kimi digər dezinfeksiya məhlullarından istifadə etmir. Qan analizləri kamerada götürülür, daha doğrusu, saxlanılan şəxs qolunu qapıdakı nəfəslikdən bayıra uzadır, qan alırlar”.

Qalib Bayramov əlavə edir ki, analizlərin acqarına götürülməsindən söhbət gedə bilməz. Kefləri nə zaman istəyir, o zaman edirlər:

Bir də ki, bunun heç mənası da yoxdur, çünki nəticələr saxtalaşdırılır. Bugünədək qardaşımın hərarəti ölçülməsə də, Avropa Məhkəməsinə göndərilən sənədlərdə bu tibbi prosedurun mütəmadi aparıldığı yazılıb”.

Meydan TV Penitensiar Xidmətə Qubad İbadoğlunun problemi ilə bağlı sorğu göndərib. Cavabda bildirilib ki, bu iş Baş Tibb İdarəsinin səlahiyyətindədir.

Baş Tibb İdarəsindən isə bu barədə məlumat almaq mümkün olmayıb.

2023-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə penitensiar fəaliyyət və tabeliyindəki müəssisələrin saxlanılması üçün 144 milyon manat, tibbi xidmətlərin göstərilməsi üçün isə 13 milyon manata yaxın (ümumilikdə 157 milyon manat) vəsait ayrılıb.

Qalib Bayramov hesab edir ki, göstərilən xidmət ayrılan vəsaitə adekvat deyil.

Ən son açıqlanan, Avropa Şurasının “Prison Populations 2022” hesabatında qeyd edilir ki, Azərbaycanda məhbusların illik xərci 64,8 milyon avro təşkil edib. Həmin məbləğdən hər məhbusa günlük 7,97 avro (14 manat 36 qəpik) xərclənir.

Bu göstərici Ukrayna istisna olmaqla, Avropa Şurası məkanında ən aşağı göstəricidir.

Məsələn, Norveçdə hər məhbusa günlük 378, Lüksemburqda 327, İsveç 322 avro xərc nəzərdə tutulub. Ermənistanda bu rəqəm 32 avrodur (57 manat 65 qəpik).

Ana səhifəSiyasətQardaşı Qubad İbadoğluna qarşı tibbi terror edildiyini deyir