close

Qəbul imtahanlarında ölkə birincisi və qardaşının dəm qazından boğulduğu bildirilir

Dəm qazı. Mənbə: “saglamolun.az”

İçəridə hər ikisinin meyiti tapılıb

Bakıda iki qardaş dəm qazından boğulub. Hadisə Nərimanov rayonu, Böyükşor qəsəbəsindəki evlərdən birində baş verib.

Kirayə qaldıqları evdə 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun meyitləri tapılıb. Onların evdə yandırdıqları sobadan gələn dəm qazından öldükləri məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, Həsənov qardaşlarının dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Yaxınlarının bildirdiyinə görə, yanvarın 25-dən qardaşların heç birindən xəbər almaq mümkün olmayıb. Bu səbəbdən qohumları onların yaşadığı evə gələrək, pəncərədən daxil olublar. İçəridə hər ikisinin meyiti tapılıb.

Qardaşlar Tovuz rayonundandırlar. Onlar məktəbin ilk illərində Tovuzda təhsil alsalar da, sonradan Sumqayıta köçüblər.

22 yaşlı Sərxan Həsənov Azərbaycan Diplomatiya Akademiyasının (ADA) hüquqşünaslıq fakültəsində IV kursda təhsil alırdı. O, 2019-cu ildə Sumqayıtda orta məktəbi qızıl medalla bitirib. Daha sonra qəbul imtahanlarında topladığı 696 balla III qrup üzrə ölkə birincisi olmuşdu. O, ABŞ-a məhkəmə-hüquq sahəsi üzrə təcrübə keçməyə göndərilən tələbələrdən olub.

23 yaşlı Əli Həsənovun isə 2023-cü ilin oktyabrında ailə qurduğu bildirilir.Hadisə baş verən gecə onun həyat yoldaşı xəstə olduğuna görə valideynlərinin evində qalıbmış.

Ana səhifəSosialQəbul imtahanlarında ölkə birincisi və qardaşının dəm qazından boğulduğu bildirilir