close

Xəzərdə gəminin qəzaya uğramasının səbəblərinin araşdırıldığı bildirilir

Foto: arxiv

Sərnişin gəminin marşrutu olmayan istiqamətə xəstə götürmək üçün göndərildiyini deyir

Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində baş verən qəzanın səbəbləri araşdırılır.

Bu barədə Meydan TV-yə Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.

Gəmini marşrutu olmayan istiqamətə xəstə götürmək üçün göndərilməsi iddiasına cavab verən mətbuat xidməti deyilənləri iddia adlandırıb:

“Baxış keçirildikdən sonra qəzanın səbəbi haqqında ətraflı məlumat verəcəyik”, – Mehman Mehdiyev əlavə edib.

Yanvarın 26-da axşam saat 21:00 radələrində sahildən 30 km aralı, Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin məlumatında qeyd olunur ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib.

Heyət üzvləri və sərnişinlər bu gəmilərlə təxliyə ediliblər.

Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur.

Adının açıqlanmasını istəməyən təxliyə olunan işçilərdən biri Meydan TV-yə deyib ki, gəmi marşrutu olmayan köhnə buruqların yerləşdiyi istiqamətə xəstə götürmək üçün göndərildiyi üçün qəza baş verib.

Ana səhifəSosialXəzərdə gəminin qəzaya uğramasının səbəblərinin araşdırıldığı bildirilir