Anar Məmmədli: “Ekoloji durumuna görə aşağı reytinqi olan ölkənin Qarabağdakı aksiyası ciddi qəbul olunmayacaq”
Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.
Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
Yerli medianın ekoaktivist kimi təqdim etdiyi aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.
Son saatlara qədər Rusiya Sülhməramlı Kontingentinin komandanlığı general Andrey Volkov aksiyayla bağlı hər hansı açıqlama yaymayıb.
Nə baş verir?
Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki yataqlar qanunsuz istismar edilir.
Nazirlik qeyd edib ki, həmin ərazilərdəki faydalı qazıntıların qanunsuz istismarı ekoloji fəsadlara səbəb olur və araşdırılması, ərazinin monitorinqi üçün bölgəyə ekspertlərdən ibarət qrup göndərmək istəyir.
Məsələ ilə bağlı Rusiya Sülhməramlılarının komandanlığı ilə danışıqların aparıldığı deyilsə də, əraziyə keçməklə bağlı mübahisə yaranıb. Qarabağı Ermənistana birləşdirən yeganə avtomobil yolunun fəaliyyəti dayandırılıb. 3 saatlıq danışıqlardan sonra yolun fəaliyyəti bərpa olunub.
Buna baxmayaraq, məsələ hər iki tərəfin gündəm mövzusu olub.
Dekabrın 11-də Qarabağdakı separatçı rejim Rusiya sülhməramlı kontingentinin nəzarətində olan mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmaması haqda açıqlama yayıb.
Məlumatda bildirilir ki, dekabrın 10-da Azərbaycan tərəf Ağdərədəki mədənlərdə monitorinq aparmaq niyyəti haqda sülhməramlı kontingentin komandanlığına məktub göndərib. Komandanlıq da sözügedən mədənlərdə birdəfəlik vizual baxışa icazə verib.
“Sözügedən plan Artsax Respublikasının (ermənilər Qarabağdakı separatçı rejimə belə deyirlər – red.) rəhbərliyi, mədənlərin işlənməsi ilə məşğul olan təşkilatlarla razılaşdırılmayıb, yaxınlıqda yaşayış məntəqələrinin sakinləri spontan olaraq bu qrupun mədənlərin ərazisinə girişinin qarşısını alıblar”, – məlumatda vurğulanır.
Bundan sonra Azərbaycan tərəf sözügedən ərazidə aksiya təşkil edib.
Bakı Nota verdi
Bakı Moskvaya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmamasına görə nota verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadəyə istinadla “Azərtac” dövlət xəbər agentliyi məlumat yayıb.
Prezidentlər danışıb
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.
Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar. Bu gün Rusiya dövlət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefonla danışıb. Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub ki, Paşinyan Laçın yolundakı vəziyyətlə bağlı Putinə məlumat verib.
Aksiyada Ankara izi?
Erməni politoloq Hrant Melik-Şahnazaryan hesab edir ki, azərbaycanlıların Şuşa-Xankəndi yolunda hazırladıqları “ucuz şouda” bir mühüm hal var:
“Onlar indi ermənilərə deyil, Rusiya sülhməramlılarına qarşı döyüşürlər. Onları əsəbiləşdirmək və toqquşmaya səbəb olmaq üçün hər şeyi edirlər. Bundan sonra rəsmi Bakı rus sülhməramlılarının davranışından şikayət etməyə başlayacaq və “sülhməramlılarla problemin” həlli məsələsini gündəmə gətirəcək. Burada onlar minimum plan və maksimum planla qarşılaşırlar. Minimum vəzifə başqa ölkələrin, xüsusən də Türkiyənin qoşunlarını Artsaxa göndərməkdir. Maksimum vəzifə Rusiya sülhməramlılarının çıxarılmasıdır. Düşünürəm ki, hamı başa düşür ki, bu, Ankara ilə birgə hazırlanmış proqramdır”.
Fəallar ilk dəfə etiraz edir
Qarabağın işğaldan azad olunmuş bölgəsinə yalnız icazə ilə getmək mümkündür və aksiya iştirakçılarının çoxu Bakıda fəaliyyət göstərir.
Onlar ilk dəfədir ki, ölkədəki faydalı qazıntıların istismarına etiraz edirlər. Halbuki illərdir müxtəlif beynəlxalq təşkilatlar və müstəqil media Azərbaycandakı faydalı qazıntıların Əliyevlər ailəsi tərəfindən istismar edilməsi ilə bağlı məlumatlar yayırlar. Məsələn, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Jurnalistika Layihəsi (OCCRP) Azərbaycanın birinci ailəsinin qızıl biznesi haqqında araşdırma yazıb.
Daşkəsən və Gədəbəydə çıxan mədən sənayesinin tamamilə Əliyevlərin ixtiyarında olduğu dəfələrlə araşdırmalarla sübuta yetirilsə də, indiyədək heç bir fəal, ekoaktivist buna etiraz olaraq aksiya keçirməyib.
“Məsələ təkcə ekologiya ilə bağlı deyil”
İnsan hüquqları müdafiəçisi Anar Məmmədli Meydan TV-yə deyib ki, Qarabağdakı problem təkcə ekoloji məsələ deyil.
“Aksiya təşkilatçıları bu cür tədbirlə beynəlxalq ictimai rəyi hazırlamaq istəyirlər? Məsələ yalnız ekologiyayla bağlı deyil axı. 2 il əvvəl 3 dövlət başçısının imzaladığı atəşkəs sənədinin yerinə yetirilməyən müddəaları var. Erməni hərbi birləşmələri ərazidən çıxmalı, nəqliyyat yolları açılmalı, Laçından keçən mallar müəyyənləşməli və.s. Eyni zamanda, məcburi köçkünlər qayıtmalıdır, yəni xeyli sayda məsələlər var ki, rəsmi Bakı bunları beynəlxaql səviyyədə ardıcıl və kompleks formada qoymur”, – deyə o bildirib.
Anar Məmmədli hesab edir ki, 12 dekabr aksiyasının təzyiq məqsədi daşıması anlaşılandır:
“İctimai miqyasda narazılığın olması zəminini hazırlamaq istəyirlər. Amma bu şəkildə ifadə olunmamalıdır. Əgər 2 il əvvəl imzalanan sənədin müddəaları icra olunmursa, dövlətin siyasətini yürüdənlər məsələləri ardıcıl şəkildə qaldırmalıdırlar. Məsələn, Rusiya hərbi kontingentinin yerləşdiyi Xocalı, Xocavənd, Kərkicahan, Malıbəyli və digər kəndlərdə vaxtilə yaşayan azərbaycanlıların qaytarılmasını niyə gündəmə gətirmir? Yaxud 2020-ci ilin noyabrın bəyanatında göstərilir ki, Laçından filan malların və vətəndaşların keçməsinə Azərbaycan tərəfi zəmanət verir. Yaxşı, mallar və vətəndaşlar deyəndə, hansı mallar, hərbi, humanitar və ya hansı vətəndaşlar nəzərdə tutulur? Bu məsələlər aydınlaşmalıdır”.
Onun sözlərinə görə, hakimiyyət ilk növbədə üçtərəfli bəyanatın tələblərinin gerçəkləşməsini önə çəkməlidir:
“Hökumət insanların mülkiyyət hüququnu bu qədərmi önəmsiz sayır? Doğrusu, hökumətin bu məsələ ilə bağlı hansı proqramı var, məlumatsızam. Amma qızıl mədənlərində ekoloji fəlakətlə bağlı aksiya keçirilir. Halbuki Azərbaycan ekoloji problemlərinə görə dünyada ən aşağı reytinqi olan üçüncü dünya ölkələrinin sırasındadır. Belə bir ölkənin insanlarının Qarabağda aksiya keçirməsi ciddi qəbul olunmayacaq. Bir daha təkrar edirəm, hökumət 2 il əvvəl imzalanan bəyanatın icra olunmayan müddəalarının gerçəkləşməsini tələb etməlidir”.