close

Qobustan həbsxanasında ömürlük məhkumlar arasında dava ölümlə nəticələnib

Qobustan həbsxanası. Foto: “azvision.az”

Davanın söyüş üstündə baş verdiyi bildirilir

Qobustandakı qapalı həbsxanada ömürlük həbs cəzası çəkən məhkumlar arasında mübahisə ölümlə nəticələnib. Hadisə eyni kamerada saxlanılan Zahidikəhriz Abbasovla Oleq Abışev arasında baş verib.

1974-cü il təvəllüdlü Zahidikəhriz Abbasov qəsdən adam öldürmə ittihamıyla yenidən mühakimə olunur. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 20 yaşında – 1994-cü ildən həbsdədir. Rusiyada qətl hadisəsinə görə ömürlük cəzalandırılan Zahidikəhriz Abbasov 20 il orada həbs həyatı yaşayandan sonra Azərbaycana gətirilib.

“2014-cü ildən Qobustan həbsxanasında saxlanılırdım. Oleqlə 4 il idi eyni kamerada idim…”, – o, aprelin 12-də məhkəmədə ifadə verərkən bildirib.

Cinayət işinin materiallarına əsasən, kamerada üç nəfər saxlanılıb. Üçüncü şəxs isə Səmədağa Hənifəyev olub. İttihamya yazılıb ki, hadisə söyüşə görə baş verib. Zahidikəhriz Abbasov Oleq Abışevi yumruqla, stəkanla vurub, onu yerə yıxıb, nəticədə o, başından xəsarət alıb. Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılsa da, bir neçə gün sonra orada ölüb.

Zahidikəhriz Abbasova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsilə ittiham verilib. Lakin o, bu maddə ilə özünü təqsirli bilmir. Deyir ki, kamera yoldaşıyla dava eləsə də, onu öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, əgər belə niyyəti olsaydı, ona daha ağır zərbələr vurardı:

“Qəsdən adam öldürmə ittihamı mənə düzgün verilməyib. Biz dava eləmişik. Xəsarət alan Oleq xəstəxanaya yerləşdirilib, orada bir neçə gün sonra vəfat edib. Mən ancaq özümü dava eləməyə görə təqsirli bilirəm”.

Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, o danışıb ki, özü siqaret çəkən olmayıb. Amma kameradakı digər iki məhbus siqaret çəkirdilər. Hadisə günü həbsxananın işçiləri Oleqə siqaret versələr də, yandırmaq üçün kibrit verməyiblər:

“Səmədağa ona siqareti yandırmaq üçün kibrit verdi, özü yatmağa getdi. Dedi ki, yatmağa gedir, oyananda yenə də siqaretini yandırmaq üçün ona kibrit verəcək. Yarım saat sonra Oleq siqaret çəkmək istədi. Amma yandırmağa kibriti olmadı. Buna görə də ad çəkmədən ünvansız söyüşlər işlətdi. Mən buna etiraz elədim. Söyüşləri kimə ünvanlamasıyla bağlı ad çəkməsini istədim. Oleq ad çəkmədən söyürdü. Nəzarətçiləri çağırdım. Məqsədim o idi ki, gətirib buna kibrit versinlər. Bunlar gedəndən sonra Oleq yenə söydü, məni “paqon”a işləməkdə ittiham etdi. Anamı söydü. Anam da həmin vaxt yeni rəhmətə getmişdi. Bu, mənə pis təsir elədi. Əvvəl onu yumruqla vurdum. O da yaxamdan yapışdı. Aramızda dava başladı…”.

Səs-küyə nəzarətçilər gəlib, kameraya bibər qazı sıxılıb. Daha sonra onların hər ikisini həbsxananın rəis müavininin yanına aparıblar.

“Oleq məndən 150-200 metr qabaqda gedirdi. O, özü sərbəst hərəkət edirdi, sağ-salamat idi. 7 gündən sonra xəstəxanada vəfat etdi. Qəsdən adam öldürmək buna uyğun gəlmir”, – təqsirləndirilən şəxs əlavə edib.

O vurğulayıb ki, vaxtilə xüsusi təyinatlı qüvvələrdə xidmətdə edib, Qarabağda döyüşüb.

Həmin kamerada saxlanılan 65 yaşlı Səmədağa Hənifəyev də ifadə verib. 1992-ci ildən həbsdə olan Səmədağa Hənifəyevi deyir ki, Zahidikəhriz Abbasovu “Zaxa” deyə çağırırdılar. Kamerada olmasına baxmayaraq, hadisənin necə baş verdiyini görməyini deyən şahidin sözlərinə görən bunun səbəbi də həmin vaxt möhkəm yatmasıdır:

“Mən nəzarətçilər kameraya daxil olandan sonra səs-küyə oyanmışam. Oleq yerdə qan içində idi. Oleq rusilli idi, tez-tez söyüş söyürdü…”.

Bu hadisə ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Ana səhifəSosialQobustan həbsxanasında ömürlük məhkumlar arasında dava ölümlə nəticələnib