close

REAL və Müsavat partiyaları deputatlığa namizədlərini elan edib

Seçki. Foto: Reuters

Bəzi dairələrdən namizədlərin irəli sürülməsilə bağlı müzakirələrin davam etdiyi bildirilir

Müsavat və Respublikaçı Alternativ (REAL) partiyaları sentyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə deputalığa namizədlərini irəli sürüblər.

İyulun 8-də Müsavat Partiyası Divanı 27 seçki dairəsi üzrə namizədlərini irəli sürüb. Namizədlər arasında partiya aparatının rəhbəri Gülağa Aslanlı, Məclisin keçmiş sədri Nüşabə Sadıxlının adı var.

Partiyanın məlumatında bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək.

REAL Partiyası isə 13 seçki dairəsi üzrə namizədlərini irəli sürüb. Namizədlərin arasında partiyanın lideri İlqar Məmmədov, Siyasi komitənin üzvü Natiq Cəfərli, əvvəlki çağırış Milli Məclisin deputatı Erkin Qədirli, vəkil Rəsul Cəfərov da var.

Deputatlığa namizəd kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək üçün namizədliyi irəli sürülən şəxslər təmsil olunduğu seçki dairəsindən 400 seçicinin imzasını toplamalıdır.

Sentyabrın 1-də Azərbaycanda 125 yerlik parlamentə seçkilər keçiriləcək.

Ana səhifəSeçki 2024REAL və Müsavat partiyaları deputatlığa namizədlərini elan edib